"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının XVIII turunda AZAL-a qarşı keçirilən matçdan sonra oyun haqqında fikirlərini bildirib. Sportnet.az xəbər verir ki, türkiyəli mütəxəssis qış fasiləsində etmək istədiyi transferlərdən danışıb və mövsümün ilk yarısını komandası üçün dəyərləndirib.
- AZAL-a qarşı oyunda mütləq qələbə qazanmalı idik. Heyətdəki itkiləri bəhanə etmək istəmirəm. Çünki istənilən halda meydandan 3 xalla ayrılmalı idik. Matçda yenə də çox bəsit bir epizoddan qol buraxdıq. Amma oyundan qopmadıq və istəyimiz üçün sona qədər mübarizə apardıq. İkinci hissədə qol vurduq, amma qələbə qazanmaq üçün də bütün səylərimizi sərf etdik. Belə matçlarda keyfiyyət önəmlidi və biz həmin keyfiyyəti göstərə bilmədik.
- Çempionatın ilk yarısını özünüz üçün necə dəyərləndirirsiniz?
- Mənim demək istədiyim əsas məsələ budur ki, biz yeni qurulmuş bir komandayıq. Belə komandanın da yaxşı bir nöqtəyə gəlməsində müəyyən problemlər yaşanır. Ancaq nəticə qazanmaq üçün irəli baxmaq lazımdır və iddiamızı davam etdirməliyik. Mən inanıram ki, bu günə qədər etdiyimiz çalışmalardan sonra komandam çox şey qazandı. Ancaq bir reallıq var ki, fərdi səhvlərimiz bu mövsüm bizə çox baha başa gəldi.
- Yeni oyunçular haqqında düşünürsünüz?
- Mövsümün ilk yarısında da itirdiyimiz xalları fərdi səhvlərimizin hesabına yazmaq olar. Biz yaxşı komandayıq. Qış fasiləsində heyətə 1 mərkəz müdafiəçisi və 1 hücumçu qatmaq niyyətimiz var. Bunları həll edəcəyimiz halda mövsümün ikinci yarısında daha iddialı ola bilərik.
- "Xəzər Lənkəran" mövsümün ilk yarısında iki pis oyun keçirdi. Bunlardan biri "Simurq"la Zaqataladakı 0:2 hesabı ilə uduzduğunuz oyun, biri də son turda AZAL-a qarşı. Razısınız?
- Oyun baxımından razıyam. Zaqatalada keçirdiyimiz matçda tamamilə zəif oynamışdıq. AZAL-la oyun üçün bunu demək olmaz. Yaxşı mübarizə apardıq. Amma oyun baxımından keyfiyyət çatmadı. Bu mənada sizin dediklərinizə haqq verirəm. Nəticə almaq üçün keyfiyyət mütləq olmalıdı.
- Əfran İsmayılovun oyunu sizi qane edir?
- Sırf AZAL-la oyunda onu əvəzləməməyimə görə deyirsinizsə, əlimin altında meydana buraxdığımız ilk "11-lik"dən başqa gənc futbolçulardan savayı təkcə Fernando Qabriel vardı. Əfran təcrübəli və matçın taleyini dəyişə biləcək futbolçudu. Ona görə də onu meydanda saxladım. Amma son dəqiqələrdə onu da meydandan çıxarmaq məcburiyyətində qaldım.
- Maliyyə problemləri baxımından klubdan gedən Deyan Blajevski və Qalin İvanovun taleyi necə olacaq?
- Bu barədə mənim danışmağım düzgün deyil. Mən məşqçi olaraq futbolçularıma həmişə doğru münasibət bəslədim. Heyətdə olan oyunçulara hər cür dəstəyi verdim. İstədim ki, daim onlar yaxşı oyun göstərsinlər və komandaya faydalı olsunlar. Amma Bu iki futbolçunun getməsi isə mənim səlahiyyətlərimdən kənarda reallaşan bir şeydi.