
"Xəzər Lənkəran"dan ayrılan Əfran İsmayılovun "İnter"lə razılığa gəldiyi deyilir. Sportnet.az-a müsahibə verən futbolçu isə bunu təkzib edib.
- "Xəzər Lənkəran”dan ayrılandan sonra hansı təkliflər var?
- Hələ ki, real heç bir söhbət yoxdu. "Xəzər Lənkəran”dan ayrıldıqdan sonra təkliflər oldu. Amma dəqiq olan heç nə yoxdu.
- Premyer Liqa klublarına keçə bilərsən?
- Vəziyyəti özünüz də bilirsiniz. "Qarabağ”, "İnter”, "Qəbələ”dən başqa heç bir klub stabil maaş vermir. Qalan hamısında pul gecikmələri var. Belə olan halda başqa klublar haqqında düşünmürəm.
- Elə "İnter” demişkən artıq bu klubla razılığa gəldiyiniz deyilir...
- Yox, razılığa gəlməmişik. Düzdü, aramızda danışıq olub. Yəni oturub söhbət etmişik. Amma ondan sonra bu klubdan xəbər çıxmadı. Hələ də gözləyirəm. Real olan bir şey yoxdu. Təbii ki, "İnter”stabil klubdu. Təklif gəlib, sadəcə məsələ rəsmiləşməyib.
- Ölkə xaricində oynamaq variantınız varmı? Ən azından Türkiyə PTT I liqasında çıxış edə bilərsiniz?
- Əgər rəsmi təklif olsa və şərtlərdə razılaşsaq, çıxış edə bilərəm. Bu mənim üçün problem deyil.
- "Xəzər Lənkəran”dan ayrıldıqdan sonra ölkə xaricinə niyə getmişdiniz?
- Şəxsi işlərimlə əlaqədar getmişdim. Artıq Bakıdayam.