
"2014-cü il mənim üçün həm xoş, həm də arzuolunmaz xatirələrlə yadda qaldı. Ötən mövsümü qənaətbəxş keçirsək də, Azərbaycan Kubokunun qalibi olmaq şansını dramatik şəkildə - penaltilərlə qaçırmağımız xatirimdən silinmir". Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin braziliyalı müdafiəçisi Rafael Santos deyib.
O, başa çatan 2014-cü ili özü üçün dəyərləndirib: "Penaltidən yararlanmamağımı hələ də özümə bağışlamıram. O an vuruşu dəqiq yerinə yetirsəydim, bəlkə də qalib biz olacaqdıq. 2015-ci ilin startından bizi çətin period gözləyir. Çalışıb, səy göstərib komandamızı yüksək yerlərə daşımalıyıq, azarkeşlərimizi sevindirməliyik. İnanıram ki, 2015-ci ildə ötən il buraxdığımız səhvləri buraxmarıq”.