"Neftçi"nin hücumçusu Rauf Əliyevin Sportnet.az-a müsahibəsi
- "Simurq"la oyun haqda fikirlərinizi bildirərdiniz...
- Çətin oyun oldu. "Simurq"a qarşı oynamaq asan deyil. Bu gün AZAL-la oyuna baxanda çox yaxşı oynadıq, amma lazım olan epizodları dəyərləndirə bilmədik. Bəlkə də oyun başlayanda vurduğumuz bir qol oyunun taleyini həll edə bilərdi. "Simurq" get-gedə oyunu çətinləşdirən komandadır və buna görə də çətinlik çəkdik.
- Oyuna ehtiyatdan başladın...
- Baş məşqçi bu cür qərar verir. Onun qərarına hörmətlə yanaşıram. Keçən oyun məğlub olmuşduq deyə heyətdə dəyişikliklər oldu.
- Artıq ikinci dəfədir ki, "Neftçi"nin heyətində meydana çıxırsan, amma heç nə ilə yadda qalmırsan...
- Komandanın qələbəsi üçün mübarizə aparıram. Sadəcə nəticə yaxşı deyil deyə nəzərə çarpmıram. Hər şey yoluna düşəcək. Yalnız qara zolaqdan çıxmaq lazımdır.
- Azarkeşlər baş məşqçini istefaya səsləyirdilər. Buna münasibətin necədir?
- Azarkeş komandanın qələbəsini istəyir. Sadəcə bizim azarkeşlər tez əsəbləşirlər. Fikrimcə bir az səbr etmək lazımdır. "Xəzər Lənkəran"la oyunda hər şey qaydasına düşəcək.
- Oyundan əvvəl düşərgədən heç də xoş xəbər gəlmirdi və gündəmdə istefalar vardı. Ernest Nforun probleminin olduğu deyilirdi. Nə baş verir?
- Yox, hər şey qaydasındadır. Ümumi komandada heç bir problem yoxdur. Normal qaydada hazırlığımızı davam edirik.
- Növbəti tur "Xəzər Lənkəran"a qarşı oynayacaqsınız. Həm "Böyük oyun", həm də sabiq komandan baxımından bu görüş haqda nə deyə bilərsiniz?
- Ancaq qələbə haqda düşünəcəyik. Çünki 2 oyundan sonra qələbə bizə vacibdir. Bu qalibiyyət hər şeyi düzəldə bilər.
- Özünüzün xüsusi motivasiyası var bu oyuna qarşı?
- Motivasiya deyəndə, hər oyuna hazırlaşıram. İstər "Xəzər Lənkəran" olsun, istər "Qəbələ", istərsə də "İnter"...
- Çempionluğa oynayan komanda 2 oyuna 1 xal qazanır..
- Pis vəziyyətə düşmüşük. Biz də bu nəticəni gözləməzdik. Ancaq qalib gəlib yola davam etməliyik.