
"AFFA və Peşəkar Futbol Liqası ilə bağlı olan bir sıra məsələrlə vardı. Onlar mütləq müzakirə olunaraq, İcraiyyə Komitəsinin bu dəfəki və ya bir sonrakı iclasında gündəmdən düşməli idi. Bu səbəbdən, federasiyanın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevi bugünkü iclasa dəvət etmişdik". Sportnet.az-ın məlumatına görə, bunu qurumun iclasından sonra jurnalistlərə açıqlamasında AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.
T.Nadirov müzakirələrin yalnız iclasda deyil, hər zaman aparıldığını bildirib. Komitə sədri çempionat oyunlarının yayım hüququnun da gündəmə gəldiyini deyib. Onun sözlərinə görə PFL prezidenti Ramin Musayev qəbul olunan hər hansı qərarda klubların yanında olduğunu bildirib: "Sabah lazım gəlsə, klublar yayımdan imtina edəcəklər. Yəni, öz məhsullarını pulsuz verməmək məsələsi qalxacaq. Bu səbəbdən, televiziyalar klublara yayım haqqı ödəməlidir. Ola bilər, çempionat əlavə bir telekanal və ya xarici kanalın ötürücüsü vasitəsilə yayımlansın. Ancaq bu, o demək deyil ki, çempionatın yayımı olmayacaq. Növbəti iclaslarda biz "Topaz"a yekun fikrimizi bildirəcəyik və burada şərtləri klublar irəli sürəcək. Söhbət klubun maraqlarından gedir. Heç kim deyə bilməz ki, ucuz və ya baha alıram. "Topaz" bizə deyə bilməz ki, mən PFL-ə vəsait ödəyirəm. Bu səbəbdən, klublara pul vermirəm. Bu, mümkün deyil".
21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı irəli sürülən təklifdən danışan "Xəzər Lənkəran" rəsmisi təklifin onlardan deyil, federasiya və digər klublar tərəfindən irəli sürüldüyünü deyib: "Bu, o demək deyil ki, futbolçuya həmin məbləğ verilməlidir. Burada söhbət futbolçuları qaçırtmaqdan, oynadığı komandada aldığından daha çox pul təklif etməkdən gedir. Sabah futbolçunun 23 yaşı olandan sonra 500 minlik müqavilə də imzalaya bilər. Bu, futbolçunun rifahını aşağı salmaq yox, onun peşəkarlığını artırmaq üçün atılan addımdır. Bu gün klublar var ki, 20 yaşlı futbolçuya xarici ölkənin əsas liqasında oynayan oyunçunun maaşı verilir. Bu təklif "Xəzər Lənkəran" tərəfindən deyil, yekdilliklə qəbul olundu. Futbolçuların xarici çempionatlarda iştirakına çox sevinərəm, nəinki burada daha çox pul alıb oynamaqlarına. Həmin futbolçu sonra gəlib milli komandamızda oynayacaq. Bir çox təkliflər vardı və hamısı müzakirə olundu. Hər klub bir neçə təklif verdi. Ən optimal variant kimi bunu qəbul etdik. İstərdik 23 yaşdan yuxarı futbolçulara da müəyyən limit qoyulsun. Çünki əcnəbi məşqçilər gəlir, rəhbərliyə müəyyən tələblər qoyur. Bu çox vaxt müsbət olsa da, bəzən klubun gələcəyinin ziyanına gedir. Bu qanun qüvvəyə minəndən sonra "Xəzər Lənkəran"da problem olmayacaq. Digər klublar razılaşdığına görə, onlarda da problem olmaz".
T.Nadirov təmsil olunduğu klubdakı vəziyyətə də toxunub. O bildirib ki, "Xəzər Lənkəran"da heç bir maliyyə problemi yoxdur: "Biz vaxtından tez futbolçu maaşını ödəyən klubuq. Son oyunlar da göstərdi ki, "Xəzər Lənkəran" düz yoldadır".
Klubların əcnəbi şirkətlərin xidmətlərindən istifadə etməsindən söz açan T.Nadirov pərakəndə əməkdaşlığı bitirəcəklərini deyib: "Klublarla birləşib, tək-tək danışıqlara son qoymaq qərarına gəldik. Artıq bütün klublar adından bir nəfər çıxış edəcək. Açıq danışaq: hər klubdan 5 min manat aldıqda, 45 min manat edir. Bu da böyük məbləğdir. Ancaq bir adla danışıq apardıqda, eyni işi 20 min manata görmək olar. Belə olan halda da udan klub olacaq. Çünki xərc azalır və görülən işlər faydalı olur".
Sonda isə T.Nadirov futbolçu ilə klub arasında 3 müqavilənin olmaması üçün çıxış yolunun tapıldığını da bildirib: "Birincisi, klublar öz aralarında hüquqi razılıq sənədi imzalayacaqlar. Buna əməl olunmayacağı halda, həmin futbolçular diskvalifikasiya oluna bilərlər. Təbii ki, belə bir şey araşdırılıb, üzə çıxarsa. Oyunçu buna gedəndə, ondan yararlana bilməzlər. Bundan əlavə, həmin klubdan lisenziya geri alına bilər. Belə olan halda, o, I Divizonda iştirak etməli olacaq. Hamısı mərhələli şəkildədir. İnanın mənə, heç bir klub özü razılıq verdiyi qərarı pozmağı, başqalarını aldatmağı özünə sığışdırmaz. Biz ikinci iclasdan sonra "Bakı" klubu ilə bağlı qərar qəbul etdik. Gördünüzmü, bütün klublar ona əməl etdilər. "Xəzər Lənkəran"ın akademiyasından çıxan neçə oyunçu olub ki, onların valideynlərini şirnikləndiriblər. Nəticədə həmin uşaqlar başqa kluba keçiblər, amma orda oynaya bilməyərək, geri qayıdıblar. Səhvlərini boyunlarına alaraq, üzr istəyiblər. İnanın mənə, belə hallar olub. Hətta bəzən məşqçilərimiz xarakter göstərərək, onları geri götürməyiblər. Amma futbol naminə biz onları geri götürmüşük".
Klublar Komitəsinin sədri açıqladığı məsələlərin AFFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacağını və müvafiq qərarların veriləcəyini söyləyib: "Sevindirici haldı ki, klublar bir araya gəlib, futbolun inkişafı naminə bu işləri görürlər".