
"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedev "Qəbələ" ilə görüşdən (o:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- "Qəbələ" ilə oyun haqda fikirlərinizi bildirərdiniz...
- Maraqlı oyun oldu. Bizim oyunçular çoxdandı ki, bir yerdə deyildilər. İlk hissədə taktiki baxımdan bir az problemlərimiz vardı. Amma ikinci hissədə oyunumuz düzəldi. İmkanlarımız da oldu, amma təəssüf ki, yararlana bilmədik. Həm də bu gün bəxtimiz gətirmədi. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq.
- Komandada rahatçılıq yoxdur? Yəni digər komandalarla xal fərqi baxımından...
- Yox, sadəcə bəzi futbolçular yorğun idi. Zədə səbəbindən mən də ayrı məşq edirdim. Problemlər vardı. Düzdür, bu, komandanı bir az boşaldır. Azarkeşlər qışqırır ki, "Çempion buraya", bu da futbolçuya təsir edir. Mətbuatdan da təzyiq olur. Amma nəzərə almaq lazımdır ki, 5 il dalbadal başımıza nə oyunlar gəldi və ona görə də biz çempion ola bilmirdik.
- Peşəkar futbolçu eyforiyaya qapılmamalıdır axı...
- Fikrimcə, Avropa Liqasında pis nəticə vermədik. Həmin anda eyforiyaya qapıla bilərdik, amma belə şey olmadı. Baş məşqçi dedi ki, daha sadə olmaq, futbola daha peşəkar yanaşmaq lazımdır ki, uğurun ardı gəlsin. İnanmıram ki, Azərbaycan çempionatında 6 oyunluq qələbə hansısa futbolçunu arxayınlaşdırsın.
- Komandanın boşalmağı ilə bağlı Qurban Qurbanov sizə nəsə deyib?
- Yox, heç nə. Baş məşqçi gəldi dedi ki, yaxşı oyun keçirdiniz. Çünki qol imkanlarımız oldu, amma alınmadı.
- Yığma ilə toplanışa yollanan futbolçular istirahət edə bilmədi. Bunun məğlubiyyətdə rolu oldu?
- Yox, elə deməzdim. Çünki onlar 2 gün istirahət edə bildi. Bu, problem deyil, çünki biz Avropa Liqasında oynayanda olurdu ki, hansısa ölkədən birbaşa Qəbələyə gedirdik. Sadəcə psixolji durum ola bilər. Həm də millinin oyunçularına görə uduzmağımızı demək olmaz. Bəlkə də elə ən yaxşı oynayanlar onlar idi. Hardasa problem axtarmaq lazım deyil. Qələbə qazanırdıq, indi də məğlub olduq.
- "İnter"lə "Neftçi" qələbə qazandı və xal fərqi azaldı...
- Hər iki komandanı təbrik edirəm. Bir az da olsa, yaxınlaşdılar. AMma hələ 6 xallıq fərq var. Qismət olsa, bu fərq dəyişəcək. Hələ o rəqiblərlə oyunumuz var. Çalışacağıq ki, həmin oyunlarda fərqi saxlayaq.