
Azərbaycan milli komandasının və Rusiyanın "Rubin" klubunun futbolçusu Ruslan Abışovun Sportnet.az-a müsahibəsi
- "Rubin”in baş məşqçisi Rinat Bilyaletdinov Sizi heyətdə görmədiyini bildirib. Belədə oyun praktikası sarıdan əziyyət çəkəcəyiniz şübhəsizdir. Karyeranızın növbəti səhifəsini harada görürsünüz?
- Bilyaletdinov deyir ki, mənə də şans verib. Lakin məni yalnız Türkiyə toplanışında sınadı. Həmin görüşlərə əsasən, Rusiya mətbuatı adımı ən yaxşı 3 futbolçudan biri kimi göstərib. O isə bütün bunları nəzərə almadı və komandanın gərgin oyunlarında məni bir dəqiqə də meydana buraxmadı ki, özümü göstərim. Hazırlıq oyunları ilə çempionat qarşılaşmaları başqadır. Bütövlükdə isə bu mövzu ətrafında çox danışmaq istəmirəm.
- Rusiyalı mütəxəssis xarakterinizin yumşaq olduğunu da bildirib. Bilyaletdinovun sözlərinə görə, bu amil özünüzü təsdiq etməyə mane olur. Sizcə, o, xarakterinizin hansı cəhətini nəzərdə tutur: komanda yoldaşlarınıza qışqırmağınızı və ya kobud ifadələr işlətməyinizi?
- Meydanda sərt mübarizədən heç vaxt çəkinməmişəm. Bu, mənim üçün problem deyil. Xasiyyətimə gəlincə, heç vaxt komanda yoldaşımı tənqid, təhqir etmirəm. Əksinə, ona dəstək oluram. O ki qaldı onun dediyinə, "Rubin”də Kurban Berdıyev dövründə heç bir futbolçu məşqlərdə artıq-əskik söz deyə bilməzdi. Bu da ondan irəli gəlirdi ki, Berdıyevin vaxtında heç bir futbolçu məşqdə səsini çıxarmırdı. Futbolçular bilirdi ki, baş məşqçidən başqa heç kimin danışmaq hüququ yoxdur. O elə fikirləşirsə... Yeri gələndə mən ona xarakterimi göstərə bilərdim. Amma bəzi səbəblərdən özümü saxlayırdım ki, gələcək karyerama problem yaranmasın.
- Bilyaletdinov sizinlə eyni mövqedə oynayan futbolçulara rəqabətdə uduzduğunuzu da iddia edir...
- Mütəxəssisin bu fikri ilə də razı deyiləm. Yenə deyirəm, o, mənə heç vaxt şans vermədiyindən, belə sözlər deməlidir. Berdıyevin dövründə meydana çıxdıqda, Rusiya mətbuatı da, azarkeşlər də oyunuma hər zaman yüksək qiymət verirdilər. Amma mənə şans vermədi. Özü də bilirdi ki, necə futbolçuyam. Sadəcə, bəzi səbəblərdən oynatmırdı.
- Hansı səbəblərdən?
- Bunları indi açıqlaya bilmərəm. Antalyadakı qış toplanışı zamanı azərbaycanlı hakimlər "Rubin"in heyətində məni də izlədilər. Hamı deyirdi ki, Ruslan öz ampluasında oynayanların heç birindən seçilmir. Hələ məni öz mövqeyimdə oynatmırdılar. Uzağa getməyək. Yanvardakı ilk toplanışda mənə deyərdi ki, lazım deyilsən, get icarə əsasında başqa klubda oyna. Amma bu sözü mənə demirdi. Əksinə, mənimlə münasibəti normal idi. Məşqlərimi edirdim. Mənə də hamı kimi qiymət verirdi. Lakin tranfer pəncərəsi bağlanan kimi mənə və Kurban Berdıyevin dəvət etdiyi bir neçə futbolçuya qarşı münasibət soyudu. Kimisini heyətə daxil etmədilər, kimisini də əvəzedici komandaya göndərdilər.
- Ruslarda millətçilik problemi də var. Baxmayaraq ki, Bilyaletdinov müsəlmandır. Ola bilərmi ki, qeyri-ruslara qarşı antipatiyası olsun?
- Əvvəla, onun özü müsəlmandır. Buna inanmıram. O, millətçi insan deyildi. Mən bunu millətçiliklə bağlamıram.
- Bəzi futbolçular komanda yoldaşlarını gözdən salmaq üçün olmayan hadisəni baş məşqçiyə onun adından nəql edirlər. Ola bilərmi ki, sizə qarşı da kimsə belə addım atmış olsun?
- Komanda yoldaşlarımla ümumiyyətlə, bu barədə söhbətlərimiz olmurdu. Mən inanmıram ki, "Rubin”də hər hansı futbolçu burda danışılan sözü gedib baş məşqçiyə çatdırsın. Bilyaletdinovdan əvvəl formalaşmış nizam-intizam buna imkan vermirdi.
- Dediklərinizdən belə bir qənaətə gəlirik ki, "Rubin”də qalma ehtimalınız olduqca aşağıdır...
- Hara keçsəm, icarəyə gedəcəyəm. Birbaşa müqavilə bağlamağım mümkün deyil. "Rubin" məni 6 aylıq icarəyə verir. Yaxın 2 gün ərzində hər şeyə aydınlıq gələcək. Artıq oynamaq lazımdır. Son 6 ayda oynamamışam. Bundan sonra risk edə bilmərəm. 6 ay oynayım, özümə gəlim. Ondan sonra hər şey yaxşı olacaq.
- "Rubin" rəhbərliyi səni satmaq istəmirsə, demək, Bilyaletdinova da inanmır. Əmin deyillər ki, hazırkı baş məşqçi ilə uzun müddət davam edə biləcəklər...
- Belə çıxır. Yəqin ki... Məncə, fikirləşərək, ən yaxşı qərarı qəbul edəcəyik.
Ceyhun ƏLİYEV