
"Düzdür, Muharremoviç bizə qarşı 2011-ci ildə iddi qaldırıb. Həmin vaxt o klubdan 80 min dollar təzminat istəyib. Lakin onun tələb etdiyi məbləğə klub rəhbərliyi tərəfindən heç kim imza atmayıb”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qafqazinfo”ya açıqlamasında "Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
O, bosniyalı futbolçu Veldin Muharemoviçin "Xəzər Lənkəran”dan şikayə etməsi və FİFA-nın ona görə cənub klubuna transfer qadağası qoyması ilə bağlı xəbərlərə münasibət bildirib: "Biz futbolçunun Avstriyada baxışda olduğunu və hətta komanda ilə səfər getdiyini bilirdik. Amma sonda baş məşqçi ondan imtina etdi. FİFA da onun maddi iddiasını təmin etmədi. O ki qaldı, transfer qadağasına, belə bir şey olduğu halda FİFA öz saytında rəsmi məlumat yayır. Necə ki, keçən il "Barselona”, "Roma” və "Çelsi ”yə qoyulan qadağalar haqqında məlumat yayılmışdı. Veldin Muharemoviçlə bağlı belə bir açıqlama və ya məktub olmayıb. Üstəlik qeyd olunur ki, klubun gəncləşdirmə siyasəti qadağa ilə eyni vaxta düşüb. Məncə, qadağaya görə legionerləri göndərmirlər, komandada saxlayırlar. Əgər biz transfer edə bilməyəckdiksə, əlimizdəki legionerləri heyətdə saxlayardıq”.
"Ötən ilin sonlarında FİFA-dan bizə məktub daxil olub və Veldin Muharremoviçlə bağlı qərar orda göstərilib”. Sportnet.az xəbər verir ki, bu sözləri apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
2011-ci ilin yayında "Xəzər Lənkəran”a gələn Veldin Muharremoviç tezliklə yola salındığından FİFA-ya şikayət etmişdi. FİFA isə məsələ ilə bağlı son qərarını 2014-cü ilin sonlarında verib. Futbolçu "Kluba qış və yay ayları üçün transfer qadağası qoyulub” desə də, klub bu məlumatı təkzib edib.
Mikayıl Nərimanoğlu isə həmin məktubda yazılanlardan xəbərsiz olduqlarını deyib: "Həmin vaxt həm bizə, həm də kluba məktub daxil olmuşdu. Bizə gələn məktubu da "Xəzər Lənkəran”a göndərmişdik. Orda nələrin yazıldığını bilmirik. Bununla bağlı FİFA-dan və klubdan dolğun məlumat ala bilərsiniz. Biz yalnız FİFA-nın rəsmi saytında yazılarsa və ya klubun xalı silinərsə, bunu açıqlaya bilərik”.