"Sumqayıt" xoşagələn, başdan sona kimi vuruşan komandadır. Onlarla oyuna lazımı qədəri ilə hazırlaşmışdıq. Qırmızı vərəqə olmasaydı bəlkə də qalib də gələ bilərdik. Hazırki nəticə bizi qane etmir". Bu sözləri Sportnet.az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov deyib.
Topaz Premyer Liqasının XXXII turunda "Sumqayıt"la oyundan 2:2 hesablı bərabərliklə ayrılan "ağ-qaralar"ın futbolçusu əsas məsələnin oyundan məğlub ayrılmadıqları olduğunu bildirib: "Əsas odur ki, məğlub olmadıq. İkinci hissədə hücuma atılsaydıq 3-cü qolu da buraxa bilərdik. Bu səbəbdən açılmadıq. Çünki 1:2 hesabı ilə məğlub durumdaydıq. Ancaq yaxşı oldu ki, 2-ci qolu vurub heç-heçə etdik. Futbolda hər şey baş verə bilər. Biz öz oyunumuzu oynadıq. Sadəcə, qırmızı vərəqədə bəxtimiz gətirmədi. Futbolda səhvlər də olur. Hazırda heyətimizdə "Neftçi"nin yetirməsi olan gənc oyunçular var. Ancaq deməzdim ki, "Sumqayıt"ın futbolçuları müdafiə xəttimizi asanlıqla keçirdilər".
Qeyd edək ki, Samir Məsimov final fitinə 3 dəqiqə qalmış hesab 1:2 olarkən, komandasını məğlubiyyətdən qurtaran qola imza atıb.