"İlk növbədə "Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, "Qarabağ” buna layiq idi". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis komandasını ikinci yeri tutması münasibətilə də təbrik edərək, "Futbolçularım mənim gözümdə qəhrəmandırlar" söyləyib. Onun fikrincə, "İnter" problemlərin fonunda çempionata maraq qata bilib: "Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan "Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki, çox gözəl oyun alındı”.
Qeyd edək ki, "İnter" "Qəbələ" ilə matçda xal itirib - 1:1. "Qarabağ" isə "Sumqayıt" üzərində 1:0 hesablı qələbə sayəsində çempion olub.