
Gəncənin "Kəpəz" klubunun yeni baş məşqçisi Şahin Diniyevin Sportnet.az-a müsahibəsi
- "Kəpəz"ə gəlişiniz necə oldu?
- Klubun prezidenti Mehman Allahverdiyev mənə zəng etdi və görüşmək istədiyini dedi. O, gələn mövsüm Premyer Liqaya qayıdan "Kəpəz"ə baş məşqçi postuna məni namizəd gördüyünü söylədi. Mən də komandadakı durumla bağlı söhbət açdım. Çünki harasa gedirəmsə, komandada maddi və mənəvi vəziyyəti bilməliyəm. Sonradan biz yenidən görüşdük və komandanın büdcəsindən futbolçularına kimi müzakirələr apardıq.
- Komandanın məqsədləri nədən ibarətdir?
- "Kəpəz" Premyer Liqa üçün hazır deyil. Bu gün desək ki, biz çempionluğa oynayırıq, bu, bir az aldatmaq kimi çıxar. Belə açıqlamalar bizə yaraşmaz. Komanda sıfırdan yığılmalıdır. Bİr ay - ayyarım ərzində hər şeyi yenidən qurmaq gərək olacaq. Böyük bir iş görülür. Onun üçün də vaxta ehtiyac var. Mənə elə gəlir ki, böyük maliyyə problemləri olmayacaq. Demirəm ki, öndə gedən klublar kimi olacağıq. Qarşımıza qoyulan məqsəd ilk "altılığ"a düşməkdir. 1 ay içində yığılmış komanda çox şeyə qadir deyil. İndi ən əsası, Gəncənin futbol ənənəsini geri qaytarmaq istəyirik. Gəncədə futbolun olması Azərbaycan futbolunun inkişafının bariz nümanəsi sayılar. İstəyirik ki, Azərbaycan üçün, milli üçün yeni futbolçular yetişdirək. İnsan bir şeyi istəyəndə isə nə zamansa həyata keçir. Bir az vaxt lazımdır.
- Sponsor var, yoxsa hələ axtarışlar gedir?
- Yaxın 10 gün - 2 həftə ərzində komandanın sponsoruna da, büdcəsinə də adınlıq gələcək. Yəni, hələ bəlli olmadan mənim Gəncəyə getməyim doğru olmaz. Əfsuslar olsun ki, bu gün maliyyə ilkin yerdə durur.
- Bəs birdən sponsor məsələsi alınmasa, yenə də bu klubda çalışacaqsınız?
- Sponsor məsələsi gündəmdədir. Bununla bağlı hazırkı situasiyadan xəbərdaram. Vəziyyət sıfır nöqtəsində deyil. Sadəcə, hələ təsdiqlənməyib. Ona da bir az vaxt lazımdır.
- Oğlunuz Coşqun Diniyevin "Qarabağ"a transferindən nə gözləyirsiniz?
- "Qarabağ"da oynamaq şərəflidir. Həm adı, həm də Çempionlar Liqasında oynaması onun üçün bir şansdır. "İnter"də qazandıqları üzərinə "Qarabağ"da da nəsə qoysa, irəli daha çox addım atacaq. Özündən çox şey asılıdır. Çox işləyib, çox çalışmalıdır. Potensialı var, sadəcə o potensialı açmaq üçün çalışmalıdır.
- Ata kimi yox, bir məşqçi kimi deyərdiniz: Sizcə, Coşqun "Qarabağ"ın oyun üslubuna uyğunlaşa biləcək?
- Səmimi desək, Coşquna bir neçə təklif vardı. Ata kimi çox sevindim. O, topla oynamağı çox sevən futbolçudur. Məşçi kimi deyirəm, mənə elə gəlir ki, zamanla "Qarabağ"ın sisteminə uyğunlaşacaq.
Röya KƏRİMLİ