
"Açığı, mən çox incikəm. Cənab Nikolovdan incimişəm. Mən 6 il ərzində burada çox yaxşı işlədim. Amma mənə heç "çox sağ ol" da demədi". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Topaz Premyer Liqasının XXXV turunda "Qarabağ"la oyundan sonra "Xəzər" TV-yə açıqlama verən gürcüstanlı mütəxəssis sözlərinə belə davam edib: "Belə münasibət mənə xoş deyil. Elə təsəvvür yaranır ki, burada boş yerə işləmişəm. Nə isə... Lənət şeytana... Burada çalışdığım üçün azarkeşlərə minnətdaram".
Azərbaycanda karyerası bitən Tsxadadze sonda hər kəsə təşəkkürünü bildirib: "Qurban Qurbanovu və "Qarabağ"ı təbrik edirəm. Onlar bunu haqq etdilər. Jurnalistlərə və ünsiyyətdə olduğum insanlara təşəkkür edirəm. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Tez-tez Azərbaycana gələcəyəm. Klublarınıza və millinizə azarkeşlik edəcəyəm".