
Zaqatalanın "Simurq" klubunun Azərbaycan Premyer Liqasının XXXVI turunda "Xəzər Lənkəran"la keçirəcəyi səfər matçı başa tutacaq. Bu barədə Sportnet.az-a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.
Onun sözlərinə görə, komanda üzvləri saat 12:00-da Lənkərana yola düşəcəklər. V.Əliyev futbolçuların şəxsi vəsaiti hesabına yox, rəhbərliyin köməyi ilə səfərə çıxacaqlarını bildirib. O, komandanın əsas və əvəzedici heyət üzvlərindən ibarət olacağını açıqlayıb. "Simurq" rəsmisi əvəzedicilərdən ibarət komandanın dünənki qarşılaşmaya yollanmamasını isə maliyyə problemi ilə yanaşı, oyunun klub üçün turnir baxımından heç bir əhəmiyyət kəsb etməməsi ilə əlaqələndirib: "Bizim "İnter"lə oyunlarımızda üstünlük rəqibin tərəfində idi. Eləcə də ikinci yeri təmin etmişdik. Yəni, "Xəzər Lənkəran"la qarşılaşmanın nəticəsi mövqeyimizə heç bir təsir etməyəcəkdi. Amma oyuna getməməyimiz sırf bu səbəbdən deyildi, maliyyə problemlərinə görə idi".
Qeyd edək ki, əsas komandalar arasındakı qarşılaşma saat 21:00-da başlanacaq. Matçın ardından "Simurq" Lənkəranı tərk edəcək.












































































