Maliyyə problemləri ilə üzləşən Bakının "İnter" klubunda bu gün Müşahidə Şurasının iclası keçiriləcək. Bu barədə Sportnet.az-a klub prezidenti Georgi Nikolov məlumat verib.
Onun sözlərinə görə, iclasda klubun hazırkı durumu təhlil ediləcək və yaranmış vəziyyətdən çıxış yolları ətrafında müzakirələr aparılacaq. G.Nikolov klubun baş sponsorunun yenə Azərbaycan Beynəlxalq Bankı olaraq, qalacağını bildirib. Bolqarıstanlı funksioner əmin edib ki, "İnter" Avropa Liqasında mübarizədən çəkilməyəcək: "Sadəcə, əvəzedici heyət üzvlərindən qurulmuş komandaya bir-iki yeni transferi də qoşacağıq. Komandamız Premyer Liqada mütləq iştirak edəcək. Baş sponsorumuz da dəyişməyəcək".
G.Nikolov "Sumqayır"la Azərbaycan Premyer Liqasının XXXVI tur matçına "İnter"in əvəzedici heyət üzvlərinin çıxma səbəbi ilə bağlı sualı isə belə cavablandırıb: "Yaxşı sualdır, amma mənə aid deyil".
Qeyd edək ki, "İnter" "Sumqayıt"la qarşılaşmada tarixində ilk dəfə məğlub olub - 1:3.