Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) noyabrın 9-da “Zəfər Gününə suda ehtiram” devizi altında tədbir keçirib.
Sportnet.az xəbər verir ki, Federasiyanın binasında təşkil olunan mətbuat konfransında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AKAF-ın baş katibi Fərhad Əliyev və Qlobal Kanal Avarçəkmə Aksiyasının səlahiyyətli nümayəndəsi Ken Li iştirak ediblər.
Rəsmilər media nümayəndələrini salamlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıblar. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin əhəmiyyətindən danışıblar.
Ken Li çıxışında ötən il Bakıda keçirilmiş COP29 ərəfəsində reallaşdırılan “Təmiz suda avar çək” devizi altında avarçəkmə yürüşü barədə məlumat verib. O, qeyd edib ki, aksiyanın əsas məqsədi ekoloji problemlərə diqqət çəkməkdir. Ümumilikdə dünyanın 100 şəhərində keçirilən aksiya bu il COP30 çərçivəsində Braziliyanın Belem şəhərində davam edəcək.
Tədbirdə həmçinin federasiyanın 2025-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olunub. Bildirilib ki, AKAF tərəfindən “Mingəçevir Reqatası” və “Prezident Kuboku” kimi beynəlxalq yarışlar təşkil edilib. Həmin turnirlər ilk dəfə olaraq Qarabağda – Füzulidə Köndələnçayda və Ağdərədə Suqovuşanda da keçirilib. Azərbaycan avarçəkənləri cari ildə müxtəlif beynəlxalq yarışlarda 8 qızıl, 17 gümüş və 17 bürünc olmaqla ümumilikdə 42 medal qazanıblar.
Mətbuat konfransının ardından Xəzər dənizində 100-dən çox avarçəkənin iştirakı ilə kayak, kanoe, akademik və draqon qayıqları üzrə nümunəvi çıxışlar nümayiş olunub.







































































