
Akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko İtaliyada təşkil olunan "Silver Skiff" beynəlxalq reqatasında gümüş medal qazanıb.
Avarçəkmə Federasiyasından Sportnet.az-a verilən məlumata görə, o, 11 km-lik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub.
Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dımçenko finiş xəttinə ikinci çatıb. Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb.
Qeyd edək ki, "Silver Skiff" ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Diana Dımçenko bu turnirə 2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.