
AVRO-2016-nın seçmə qrup mərhələsinin II turunda 26 oyuna 68 qol vurulub. Sportnet.az-ın məlumatına görə, topların 14-ü qapılardan penalti və avtoqolla keçib.
Bu isə ümumi qolların 20,59 faizi edir. Qapılara ümumilikdə 10 penalti təyin olunsa da, 8-i dəqiq olub. 11 metrlik cərimə zərbələrindən 2-si eyni oyuna təsadüf edib. Onlardan 7-si meydan sahiblərinin, 1-i qonaqların lehinə olub. Qeyri-dəqiq zərbələr isə ayrı-ayrı oyunlarda vurulub və hər iki qapıya təyin edilib.
Ən diqqətçəkən məqam odur ki, 26 oyundan 6-da avtoqol baş verib. Avtoqolların 3-ü ev, 3-ü isə qonaq futbolçuların ayağına yazılıb. O cümlədən, İtaliya yığmasının müdafiəçisi Corco Kyellini Azərbaycan millisini qəbul etdikləri oyunda qapıların yerini səhv salıb.
Qeyd edək ki, 26 oyundan 12-də meydan sahibləri qalib gəlib. Hərəyə 7 oyun isə qonaqların qələbəsi və heç-heçə ilə nəticələnib. 68 qoldan 43-ünü meydan sahibləri, 25-ini qonaqlar vurublar.