2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yarış və tədbirlərin təqvimi açıqlanıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Oyunların proqramına 33 idman növü daxil edilib. Olimpadada ilk dəfə olaraq beysbol/softbol, karate, sörfinq, qayayadırmama və skeytbordinq üzrə yarışlar olacaq.
“Tokio 2020”nin açılış mərasimi iyulun 24-də olacaq. Bundan iki gün öncə isə qadın futbolu və softbol üzrə yarışlara start veriləcək. İlk medal dəsti iyulun 25-də qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş yarışında sahiblərini tapacaq.
Ən çox final mərhələsi 1, 2 və 8 avqustda olacaq. Həmin günlərdə müvafiq olaraq 21, 26 və 30 dəst medal oynanılacaq.
Hava şəraitinin isti keçəcəyi ilə əlaqədar əksər yarışlar səhər saatlarına təyin olunub.
Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.