Azərbaycan idmançılarının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ənənəvi növlər üzrə qazandıqları lisenziyaların sayı ötən olimpiya tsiklinin müvafiq dövrü ilə müqayisədə üçqat azalıb.
Sportnet.az xəbər verir ki, “Report”un təhlilinə əsasən, geriləmə güləş, voleybol, ağırlıqqaldırma, bədii gimnastika, akademik avarçəkmə, kayak və kanoe kimi növlər üzrə başa çatan dünya çempionatları fonunda baş verib.
Azərbaycan 2016-cı ilin bu günündə Rio-de-Janeyro XXXI Yay Olimpiya Oyunlarına 20 lisenziya qazanmışdı. Güləşdə 11, kayak və kanoedə 3, atletikada 2, bədii gimnastika, akademik avarçəkmə, kanoe-slalom və boksda hərəyə 1 lisenziya əldə olunmuşdu.
Hazırda isə Azərbaycanın 7 olimpiya lisenziyası var. Son olaraq Ruslan Lunyov pnevmatik tapança ilə 25 metr məsafəyə atəşaçmada Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Bunadək isə sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası “Tokio-2020”yə vəsiqə qazanıblar.
Beləliklə, ən böyük geriləmə güləş növündə müşahidə olunmaqdadır. Azərbaycan pəhləvanları ötən tsiklın müvafiq dövrü ilə müqayisədə 9 lisenziya az qazanıblar. Əvəzində, bədii gimnastikada artım var. Azərbaycan Rio-de-Janeyroda bədii gimnastika üzrə fərdi çoxnövçülük yarışında Marina Durunda ilə təmsil ounmuşdusa, bu dəfə Ağamirova ilə yanaşı, qrup komandası da Bakıdakı dünya çempionatında olimpiadaya vəsiqə götürüb.
Atletikada da lisenziya sayında azalma baş verib. Qalan 4 növdə - boks, akademik avarçəkmə, kanoe-slalom, kayak və kanoedə ümumiyyətlə lisenziya əldə olunmayıb. Bunun müqabilində, üzgüçülükdə 1 lisenziya qazanılıb.
Qeyd edək ki, Tokio-2020 XXXII Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.