Tokio Yay Olimpiya Oyunları öncəsi güləşin hər üç növü üzrə Azərbaycan milli komandaları hazırlıq prosesinin son mərhələsinə keçib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıdan yığmalar Yaponiya paytaxtına səfər ərəfəsində son 1 həftəlik hazırlıq prosesini paytaxtda keçəcək.
Ötən gün Olimpiya Güləş Mərkəzində son hazırlıq mərhələsinə start verilib. Bu məşqlər əsasən taktiki-texniki çalışmalar üzərində qurulacaq. Olimpiyaçılar ölkə xaricindən dəvət olunmuş sınaqçı-rəqiblərlə (sparrinq) birgə hazırlıq prosesini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Tokioya iyulun 27-də yollanacaqlar. Yunan-Roma, sərbəst və qadın güləşi üzrə yarışlar 1 - 7 avqustda olacaq.