
"Voleybolda əsas məsələ sonadək inanmaq və sonadək mübarizə aparmaqdır".
Sportnet.az xəbər verir ki, bunu "Azərreyl"in baş məşqçisi Paolo Tofoli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final qarşılaşmasından sonra deyib.
O, sona qədər qələbəyə inandığını bildirib: "Mənim və komandam üçün gözlənilən, həm də çətin qələbə oldu. Yüksək Liqa boyunca çətin vəziyyətlərimiz oldu. Mövsümün sonuna doğru isə bunların öhdəsindən gələrək çempion olduq. Buna görə də hər bir oyunçumu çətin qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər qələbəyə inanırdım.
Baş məşqçi "Abşeron" voleybolçularının da sonadək vuruşduğunu vurğulayıb: "İlk final oyununda 0:3 hesabı ilə uduzmağımıza baxmayaraq, geridönüş edərək, çempionluğa nail olduq. İlk oyunun video-görüntülərini izlədik və təhlillərini voleybolçularımızla bir araya gələrək apardıq. Voleybolda əsas məsələ sonadək inanmaq və sonadək mübarizə aparmaqdır. Rəqib də sonadək vuruşurdu. Lakin son nəticədə qızıl setdə qalibiyyət bizim oldu".
Qeyd edək ki, finalda "Azərreyl" "Abşeron"u Qızıl setdə 15:12 (3:0, 0:3) məğlub edərək Azərbaycan çempionu olub.