
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
Azərbaycan Voleybol Federasiyasından sportnet.az-a verilən məlumata görə, komanda bu məqsədlə Sloveniyaya yola düşüb.
Yığma burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçular Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan yığması ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.