
Kişi voleybolçular arasında Yüksək Liqanın 2025/2026 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, FHN-nin idman zalında keçirilən açılış oyununda “Neftçi” komandası ORDU klubu ilə qarşılaşıb.
Daha sonra “Murov Az Terminal” və “AZERRAIL” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda “Neftçi” 3:0, “Murov Az Terminal” 3:2 hesablı qələbə qazanıb.
I turun “Gənclər” – “Xilasedici” qarşılaşması isə Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb. Bu oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, kişilərin Azərbaycan çempionatında 6 komanda – “AZERRAIL”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” iştirak edir. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə keçiriləcək. İki dövrənin yekununda turnir cədvəlində ilk dörd pillədə qərarlaşacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Yüksək Liqa
I tur
16 oktyabr
“Neftçi” - ORDU - 3:0 (25:17, 25:19, 25:22)
“Murov Az Terminal” - “AZERRAIL” - 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10).