
Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sirxayev Rusiyanın "Anji" klubu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi məşqçi kimi çalışdığı əsas komandadan gedib. Baş məşqçi Ruslan Aqalarov da həmin addımı atıb.
Mahaçqala təmsilçisi pley-off matçlarından sonra Rusiya Premyer Liqasında yerini qorusa da, baş məşqçi və köməkçisi vəzifələrində qalmayıblar.
"Anji"də əvvəllər baş direktorun müavini olan 42 yaşlı Sirxayev kluba 2014/2015 mövsümündə idman direktoru kimi qayıtmışdı. O, komandanın məşqçilər korpusuna ötən çempionatın gedişində baş məşqçinin köməkçisi kimi dönüb.
Qeyd edək ki, Narvik Sirxayev 1997 - 1999-cu illərdə oynadığı millimizdə 17 matçda 1 qol vurub.