"Futbolçularımı təbrik edirəm. Meydançada çox yaxşı mübarizə, dinamika oldu. Bizim üçün çox vacib oyun idi və qarşımızda çox istəkli, bizi çox yaxşı analiz edən rəqib var idi. Sonadək təslim olmadılar, bizə rahat oynamaq imkanı vermədilər. Ümumilikdə azarkeşlər üçün maraqlı oyun alındı. Rəşad Sadıqovun komandasına uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, stadion şəhərdən kənarda olsa da, bizi dəstəklədilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Uzun illərdir belə bir fikir var ki, "Qarabağ" avrokubok matçlarından sonra çempionata daha yaxşı fokuslanır və daha qarşısıalınmaz olur. Siz bu fərqi hiss edirsiniz?
- Yüz faiz! Avrokubok oyunları olmayanda istər-istəməz daha sərbəst olursan, hazırlaşmağa vaxtın daha çox olur. Təəssüf ki, hələ optimal formamızdan uzağıq, özümüzə tam gəlməmişik, bəzi futbolçuların performanslarında çatışmazlıqlar var. Komanda sanki çox yorulub. Bu mövsüm Çempionlar Liqasındakı hər qarşılaşmada həddindən artıq enerji itirdik, psixoloji olaraq çox yorulduq. Çox gərgin avrokubok mövsümü keçdi. Ümumilikdə 14 oyun keçirdik. Hər oyundan əvvəl və sonrakı stres, hazırlıq və məsuliyyət hissi... İstər-istəməz futbolçular çox yükləndilər. Hətta özüm də daxil olmaqla, çox yorulduq. İnanıram ki, qarşıdakı oyunlara daha yaxşı köklənəcəklər. Amma yenə də sıx qrafikə girəcəyik. Milli fasilədən sonra Azərbaycan Kubokunun yarımfinal oyunları da olacaq. Buna görə də 3-4 gündənbir matçlara çıxacağıq. Beləliklə, 1,5 ayadək yüklənmədə olacağıq. Çalışacağıq ki, futbolçuları tam hazır edək və onlar sıx qrafikə uyğunlaşsınlar. Bununla belə, avrokubok oyunları olmayanda hər oyuna və məşqə daha yaxşı fokuslana bildiyimizə dair fikirlərlə razıyam.
- Leandro Andrade oyuna mərkəzdə başlasa da, matçın çox hissəsini solda keçirdi. Gələcəkdə onu bu qaydada oynatmaq fikriniz varmı?
- Bu, oyunun gedişatında olan rotasiya idi. Əvvəlcədən özlərinə bildirmişdik. Matçın gedişatında hansısa yerdəyişmə və rotasiyanın ediləcəyini gözləyirdilər. Andradedə həm solda, həm sağda, həm də ortada oynama qabiliyyəti var. Bu gün çox yaxşı təsir bağışladı. Bu cür oyun sistemindən məşqlərdə də istifadə edirdik. Oyunlarda da nadir hallarda yararlanmışdıq. Amma bu gün daha çox istifadə etdik. Rəqibin oyununa uyğun addımlar atacağıq.
- Kamilo Duranın Kolumbiya millisinə çağırılmasını gözləyirdinizmi və onun 2026-cı il dünya çempionatına aparılmasını real sayırsınızmı?
- Qabiliyyətli futbolçudur. Duranın sürəti, topla davranışı və idman xarakteri ona imkan verə bilər ki, daha böyük futbolçu olsun və daha böyük turnirlərdə iştirak etsin. Buna yalnız sevinərik. Görək, qarşıda nə qərarlar verəcəklər.
- Sıx qrafikdən danışdınız. Aprelin 22-də "Sabah"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünü, bu matçdan əvvəl və sonra isə elə "Sabah"la və daha sonra "Neftçi" ilə çempionatda ardıcıl iki oyun keçirəcəksiniz. Belə qrafikə üzülmürsünüz?
- Ümumiyyətlə, bir komanda ilə ardıcıl iki oyun keçirmək, açığı, xoş deyil. Bəzən azarkeşlər üçün oyunlar arasında pauzanın verilməsi daha maraqlı olur. Amma yəqin ki, sıx qrafikdə boş gün olmadığı üçün belə bir addım atıblar. Mən də istərdim ki, arada bir az fərq olsun, sonra bir daha görüşək. Eyni komandaya qarşı yenidən hazırlaşmaq daha rahat olur. Amma edəcək bir şey yoxdur. Hər iki komanda üçün eyni situasiya olacaq.
- Kris Kuaku sanki görünmədən getdi. Sanki "Qarabağ"ın digər futbolçularının səviyyəsindən aşağı olduğu görünürdü. Bunun səbəbi nə idi?
- Düzü, elə idi. Özü həm məşqdə, həm də oyunda intizamlı idi. Sadəcə, daha çox oynamaq istəyirdi. Meydançada olma dəqiqələri çox az idi. Mən də bunu başa düşürdüm. Ona görə də getmək istədiyini bildirdikdə, "yox" demədim. Onda da, bizdə də alınmadı. Həm də bundan sonra oyunlarımızın sayı az olacaq. Bu səbəbdən, qqarşısını kəsməyə o qədər də ehtiyac görmədik.
- Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi Rui Jorjenin təyinatına dair qərarı necə qarşıladınız?
- Xeyirli olsun. Müzakirə olunan məsələ idi və zatən hazırlıq gedirdi. Xeyirli-uğurlu olsun.










































































