
Almaniyanın "Aue" klubu II Bundesliqasında ilk qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, IV turda "Nürnberq"lə ev oyununa təsadüf edib.
Görüş "Aue"nin qələbəsi ilə yekunlaşıb - 3:1. Bütün qollar ikinci hissənin son yarım saatlıq bölümündə vurulub. Topların müəlliflərindən biri Azərbaycan millisinin hücümçusu Dmitri Nazarov olub. O, 73-cü dəqiqədə fərqlənib.
Beləliklə, 4 oyundan sonra xallarını 4-ə çatdıran "Aue" 10-cu pilləyə qalxıb.
Qeyd edək ki, Dmitri Nazarov cari mövsümdə ikinci qolunu vurub. 27 yaşlı forvard ilk dəfə ötən tur "Braunşveyq"lə görüşdə hesabı açıb. Həmin matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.