Bu gecə futbolsevərlərimizin bütün diqqəti Şotlandiyaya yönələcək. Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsi çərçivəsində Qlazqo şəhərinin 61 minlik "Seltik Park” stadionunda Bakı vaxtilə saat 23:45-də tarixi matç keçiriləcək. Son 2 mövsümdə çempionumuz olan "Qarabağ"ı bu turnir Çempionlar Kuboku adlanarkən 1967-ci ildə qalibi olmuş məşhur "Seltik"lə səfərdə çox çətin sınaq gözləyir. Şotlandiya və Azərbaycan çempionları bu ölkənin klublarının avrokuboklarda ilk görüşünü tarixə yazacaqlar. Ölkəmiz 1994-cü ildən təmsil olduğu qitəmiqyaslı turnirlərdə bunadək heç vaxt bu ölkəyə rəqib olmaylb.
Britaniyalıların qənimi olan Əfran kənarda
Əslində, Azərbaycan Şotlandiyanın aid olduğu Böyük Britaniya ilə avrokuboklarda 2 dəfə rəqib olub. Bunlardan biri isə məhz "Qarabağ”la bağlıdır və hazırkı baş məşqçi Qurban Qurbanovun vaxtında olub. Belə ki, 2010/11 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın "Portadoun” klubuyla düşən Ağdam təmsilçisi cütün qalibi olub – səfərdə 2:1, evdə 1:1. Maraqlıdır ki, britaniyalılara qolların hamısını Əfran İsmayılov vurub. Millimizin də üzvü olan 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə "Qarabağ"a qayıtsa, adı UEFA-ya göndərilən iştirak ərizəsində yer alsa da, viza məsələsinə görə Şotlandiyaya aparılmayıb. Buna görə heyətdən kənarda qalan Əfran şotlandlara da qol vurmaq üçün avqustun 5-də Bakıdakı cavab matçını gözləməlidir. Britaniyalılarla ilk görüşümüz isə məhz ÇL-də olub. Ancaq 2001/02 mövsümündəki həmin oyunda "Şəmkir” Uelsin "Barri Taun” klubunu nəinki keçməmiş, heç qol da vura bilmədi – səfərdə 0:2, evdə 0:1.
III mərhələdə yeganə qələbəmiz "Qarabağ"la
Azərbaycan ardıcıl 2-ci mövsüm ÇL-nin III təsnifat mərhələsində məhz "Qarabağ"la təmsil olunacaq. Qurban Qurbanovun yetirmələri bu mərhələdə debüt matçında ötən il Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanın "Zalsburq” klubuna 2:1 hesabıyla qalib gəlsə də, səfərdəki cavab matçında 0:2 uduzaraq mübarizəni dayandırdı. Həmin matçda albaniyalı müdafiəçi, artıq "Qarabağ”da olmayan Admir Teliylə komandanın əsas qol ümidi olan braziliyalı hücumçusu Reynaldo Silvanın qırmızı vərəqə almaları da yaddaqalan oldu.
Ölkəmizin ÇL-in III təsnifat mərhələsində debütü isə "Bakı”yla olub. "Zolaqlılar” 2009/10 mövsümündə Bolqarıstanın "Levski” klubuyla Respublika stadionunda qolsuz bərabərliyə, Sofiyada 0:2 hesabı ilə uduzaraq mübarizədən kənarda qaldı. Daha bir dəfə isə "Neftçi” bu mübarizədə təmsil olunub. Bakılılar 2012/13 mövsümündə İsrailin "Hapoel” (Kiryat Şmona) klubuna səfərdə 0:4 hesabı ilə uduzdu. Bakıda "Dalğa Arena”da keçirilən cavab matçında isə qalib müəyyənləşmədi – 2:2. Göründüyü kimi, klublarımızın III təsnifat mərhələsində yeganə qələbəsi hələ ki "Qarabağ”ln hesabındadır və səfər matçları bir qayda olaraq məğlubiyyətlə nəticələnir.
29 iyul tarixində ilk dəfə səfərdə
Klublarımız indiyədək 29 iyul tarixində avrokuboklada 5 oyun keçirib. Ancaq bunların heç biri III təsnifat mərhələsində olmayıb. Deməli, bu ilkə də "Qarabağ” imza atacaq. Özü də bugünkü tarixdə bütün matçlar ev oyunlarımız olub. Yəni iyulun 29-da avrokuboklarda ilk səfər oyunu məhz Şotlandiyada olacaq. "Qarabağ”a bugünkü tarixdə qitəmiqyaslı turnirin oyununu keçirmək nəsib olub. Ağdam təmsilçisi Igor Ponomarevin baş məşqçiliyi dövründə Slovakiyanın "Dukla” klubuyla həmin matçda Azər Cabbarovun avtoqoluyla uduzdu.
Nəticədən söz düşmüşkən, bu tarixdə çox vaxt uduzan klublarımız yalnız 1 dəfə qalib olub. Həmin matç isə "Neftçi”nin ÇL-də ilk dəfə mərhələ aldadığı matçdır. Emin Quliyevin oyunun sonuna yaxın başla vurduğu qolla 1:0 hesabıyla qələbə qazanan bakılılar səfər qolu sayəsində Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubunu keçdi. 29 iyulda əyalətdə tarixi oyunlarımız olub. Belə ki, "Kəpəz” Gəncədə ÇL-də ilk və hələ ki yeganə matçını, "Şəmkir” isə Şəmkirdə ilk və hələ ki yeganə avrokubok oyununu həmin gün keçirib. İyulun 29-da son matçımız isə ÇL-də mərhələnin ilk oyunu olub və bu tarixdə yeganə heç-heçəni "İnter”lə etmişik - 1:1.
Klublarımızın iyulun 29-da avrokuboklarda keçirdiyi oyunlar
1998/99 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsinin cavab oyunu
Gəncə. "Kəpəz” – LKS (Polşa) – 1:3
Qol: Dmitri Smirnov
UEFA kuboku, I təsnifat mərhələsinin cavab oyunu
Bakı. "Dnamo” – "Arceş” (Rumıniya) – 0:2
2004/05 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsinin cavab oyunu
Bakı. "Neftçi” – "Şiroki Briyeq” (Bosniya və Herseqovina) – 1:0
Qol: Emin Quliyev
UEFA kuboku, I təsnifat mərhələsiunin cavab oyunu
Şəmkir. "Şəmkir” – "Tbilisi” (Gürcüstan) – 1:4
Qol: Paşa Əliyev
Bakı. "Qarabağ” – "Dukla” (Slovakiya) – 0:1
2008/09 mövsümü,
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
Bakı. "İnter” – "Partizan” (Serbiya) – 1:1
Qol: Petar Zlatinov
Mehman SÜLEYMANOV
Mehman SÜLEYMANOV