"Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XI tur matçının təxirə salınması səbəbindən yaranan əlavə xərcləri "Kəpəz" klubu çəkməlidir. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.
O bildirib ki, əsasnaməyə görə, oyun meydan sahiblərinin günahı - azarkeşlərin meydana girməsi və digər insidentlər üzündən təxirə salınıbsa, əlavə xərclər ev sahibi olan komandanın üzərinə düşür. Əks halda, xərcləri hər iki tərəf çəkməlidir: "Bunu Əsasnamə deyir. Hava şəraitinin pozulmasında "Qəbələ"nin heç bir günahı yoxdur. "Kəpəz" də buna görə məsuliyyət daşımır. Amma qəbul olunmuş Əsasnamə var. Hər iki tərəf öz xərclərini çəkməlidir, hakimlər, hakim-inspektor və AFFA nümayəndəsi üçün kompensasiyanı isə federasiya ödəməlidir".
M.Həsənov yenə əlverişsiz hava şəraiti olarsa, oyunun sabaha təxirə salınmasının qeyri-mümkünlüyünü dilə gətirib: "Qəbələdəki nümayəndələrimizlə daimi ünsiyyətdəyik. Hava gah tutulur, gah açılır. Görək oyunadək necə olar? Kim istərdi ki, belə vəziyyət yaransın? Yenə əlverişsiz hava şəraiti olsa, oyun sabaha yox, başqa tarixə təxirə salınacaq. Çünki "Qəbələ"ni qarşıda Almaniya "Borussiya"sı ilə Dortmundda Avropa Liqasının IV tur matçı gözləyir. Komanda səfər oyununa hazırlaşmalıdır".
Qeyd edək ki, "Qəbələ" - "Kəpəz" matçı bu gün saat 20:00-da 29-cu dəqiqədən etibarən davam etdirilməlidir.