Gəncənin "Kəpəz" klubu bu mövsüm azarkeşləri ilə hamıya meydan oxuyur. Komanda xüsusən son turlardakı çıxışı ilə də bütün rəqiblərə başağrı olmağı bacarıb. Bütün bunlar ilk baxışda işlərin qaydasında olması təsəvvürünü yaradır. Lakin heç də belə deyilmiş.
Baş məşqçi Şahin Diniyevin Azərbaycan Premyer Liqasının IX turunda "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yendikləri görüşdən sonra problemləri sadalaması hamı üçün gözlənilməz oldu. Bakıda, Yevlaxda hazırlıq keçdikdən sonra Gəncəyə yalnız ev oyunlarını keçirməyə yollanması "Kəpəz"də hələ də böyük problemlərin olduğundan xəbər verirdi. Üstəlik, hər qələbəyə görə cəmi 10 min manat mükafat ayrılması və bu məbləğin klubun 53 əməkdaşı arasında bölüşdürülməsi faktı da təəccüb doğurmaya bilməzdi.
Heç də xoş görüntü yaratmayan belə halların fonunda Gəncə şəhər stadionunun ot örtüyü və tribunalarındakı problem azarkeşləri də dilə gətirib. Onlardan bir qrupu Sportnet.az-a müraciət edərək, "Kəpəz"lə bağlı problemləri açıqlayıblar. Zaqafqaziyada ən böyük azarkeşin "Kəpəz"ə məxsus olduğunu iddia edən azarkeşlər klubun sponsor və stadion sarıdan əziyyət çəkdiyini bildiriblər: "Klubumuzun hələ də rəsmi sponsoru yoxdur. Baxmayaraq ki, "Kəpəz"in Müşahidə Şurası formalaşıb və Şuraya bir neçə şirkətin nümayəndəsi cəlb olunub. O sponsorlar Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən kluba bağlanılıb. Stadionun ot örtüyü isə çayırdan olduğundan, yalnız yay və yaz fəsilləri üçün əlverişlidir. Payız və qış aylarında isə meydança pis vəziyyətə düşür. Klubumuz oyunlarını Bakıdakı "Dalğa Arena"da keçirmək istəyir. Halbuki meydançaya xüsusi ot örtüyü döşəmək olar. Tribunalarda isə iki sektor qəzalı vəziyyətdədir. Bir sözlə, ikinci böyük şəhərin stadionu bərbad haldadır. Arenanın yenidən qurulacağına dair vədlər isə neçə ildir yalan çıxır".
"Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu isə Sportnet.az-a bildirib ki, Gəncə şəhər stadionunda indiyədək 3500 plastik oturacaq quraşdırılıb. Onun sözlərinə görə, tribunaların durumunun təhlükəsiz olduğuna dair Fövqəladə Hallar Nazirliyindən rəy alınıb. Nərimanoğlu bildirib ki, qəzalı olduğu deyilən sektorlarda azarkeşlərin oturması üçün heç bir problem yoxdur. Əvvəlki ev oyunlarından bir neçəsində orada nəhəng Azərbaycan bayrağı nümayiş etdirilib.
Ot örtüyünə gəldikdə, Nərimanoğlu qazonun normal vəziyyətdə olduğunu söyləyib: "Ot örtüyündə heç bir problem yoxdur. Sadəcə, "Qəbələ" ilə XI tur matçı ərəfəsində Qərb zonasına güclü yağışlar yağdığından, oyunu başqa yerdə keçirməyi xahiş etdik. Hazırda çempionatda millinin oyunları ilə əlaqədar fasilədir. Əgər payızda "Kəpəz"in Gəncədə oyun keçirə bilmədiyi iddiaları doğrudursa, heç nə demirəm. Gözləyək növbəti ev oyununu".
Bütün bunlarla yanaşı, klub rəsmisi Gəncə şəhər stadionunun təmirə ehtiyacının olduğunu etiraf edib. Lakin o, arenanın Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olması səbəbindənn tam qüvvə ilə təmirə başlaya bilmədiklərini vurğulayıb.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqada 12 turdan sonra 19 xalla 5-ci pillədədir.