
Dodo ləqəbli Paulo Luis Hilarionun "Qəbələ" ilə 2 illik yeni müqaviləyə imza atması birmənalı qarşılanmayıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçinin fikrini 180 dərəcə dəyişdirməsi üçün heç bir sutka da lazım gəlməyib.
27 yaşlı futbolçu mayın 22-də keçirilmiş oyundan sonra saytımıza eksklüziv açıqlama verib. O, klubu ilə müqaviləsini uzatmadığını və böyük ehtimalla, karyerasını İspaniyada davam etdirəcəyini bildirib: "Klubla müqaviləm başa çatıb. Yeni anlaşma da imzalamamışam. Hazırda təkliflər var və onları dəyərləndirirəm. Çox ehtimal ki, İspaniyaya gedəcəyəm. Ad çəkmək istəmirəm, amma Bakı klublarından da təkliflər almışam. Mənim fikirim İspaniyaya getməkdir. "Qəbələ” rəhbərliyi ilə də danışıqlarımız oldu, amma mən istəmədim. Onlarla aramda heç bir problemim yoxdur. Sadəcə olaraq, burada gözəl günlərim oldu və indi də karyeramı başqa ölkədə davam etdirmək istəyirəm”.
Bu fikirlər mayın 23-də günün birinci yarısında Sportnet.az-da dərc olunub. Günortadan sonra apasport.az saytında Dodonun təkzib xarakterli açıqlaması yayılıb: "Mən komandadan gedəcəyimi deməmişəm. Düzdür, müqaviləm başa çatır, amma hələ klubdan ayrılmamışam. Mənə yeni müqavilə təklif etməyiblər. Bir neçə klubdan təklif almışam. Harada oynayacağımı bilmirəm. Başqa klublar mənə daha yüksək məvacib təklif ediblər. Hər nə olsa belə, getməyim barədə heç nə deməmişəm. Ola bilər ki, növbəti mövsüm də "Qəbələ”də qalım”.
Axşam saatlarında isə "Qəbələ"nin rəsmi saytında Dodo ilə müqavilənin növbəti 2 il müddətinə uzadıldığı barədə xəbər yerləşdirilib. "Sambaçı" elə oradaca deyib: "Mən dəfələrlə bunu açıqlamışam: "Qəbələ"nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm".
Əlbəttə, heç bir sayt istəməz ki, xəbəri təkzib olunsun. Xüsusən də Sportnet.az fəaliyyətə başlar-başlamaz özü barəsində qeyri-ciddi fikir formalaşmasını arzulamaz. Bu səbəbdən, əməkdaşlarımız kiçik araşdırma aparıb. Məlum olub ki, Dodonun "Qəbələ"dən ayrıldığını bəyan etməkdə məqsədi öz əmək haqqını qaldırmaqdan ibarət olub. Bunu klubun vitse-prezidenti Fariz Nəcəfov saytımıza açıqlamasında etiraf edib: "Dodo 2011-ci ilin yayından "Qəbələ"dədir. Komandamızda hamıdan çox - 107 oyun keçirmiş futbolçudur. Amma əmək haqqı yeni transferlərlə müqayisədə aşağı idi. Bu səbəbdən, getmək istədiyini deyərək, qiymətini qaldırmağa cəhd edirdi. Biz də onun xidmətlərini nəzərə alaraq, maaşını qaldırdıq və yeni müqavilə bağladıq".
Göründüyü kimi, Dodo heç də karyerasında sıçrayış etmək fikrində olmayıb. Zatən, onun İspaniya çempionatında səviyyəcə hansı liqada çıxış edə biləcəyini təsəvvür etmək elə də çətin deyildi. Braziliyalı futbolçunun məqsədi manipulyasiya etmək və bu yolla "Qəbələ" rəhbərliyinə təzyiq göstərməkdən ibarət olub. Dodo braziliyalı olsa da, əsl azərbaycanlı futbolçular kimi hərəkət edib. Bu da başadüşüləndir. Axı o, 3 ildir Azərbaycanda çıxış edir?!
Necə deyərlər, atı atın yanında bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar. Rəngləri ilə işimiz yox. Biz irqçiliyə "yox" deyirik. Amma xasiyyətləri göz qabağındadır.