İdman Araşdırmalar Mərkəzi (İAM) üçün daha bir il arxada qaldı. İAM kimi tanınan qurum bu gün 3 yaşını qeyd edir. 2012-ci il mayın 5-də təsis olunan bu Qeyri-Hökümət Təşkilatı Azərbaycan idmanında bir yenilik oldu. Əslində, belə bir təşkilata daha öncədən ehtiyac olsa da, nəhayət, 3 il öncə yaradıldı. Bu isə təcrübəli idman jurnalisti Elşən Məmmədovun sayəsində gerçəkləşdi. Onun yaratdığı və rəhbəri olduğu İAM tez bir zamanda öz yerini tutdu. Hələ ilk vaxtlardan müxtəlif mövzularla bağlı araşdırmalar, təhlillər oldu, gündəmdə olan olaylara münasibətlər bildirildi, maraqlı təkliflər verildi, idman şərhçiləri üçün trenninq keçirdi. Yəni İAM qısa müddətdə fəaliyyət göstərməyinə baxmayaraq, bir sıra maraqlı ideya və təkliflərlə çıxış etməsi ilə diqqət çəkdi.
Qurban Qurbanovdan ikiqat qalibiyyət
Az sonra isə ilk layihə həyata keçdi. Bu, 201/12 mövsümünün yekunlarına əsasən, Azərbaycan Premyer Liqasında ən yaxşıları müəyyənləşdirən layihə idi. Bu, sorğu tərəfindən müəyyənləşdirildi və onu keçirmək Peşəkar Futbol Liqası (PFL) tərəfindən məhz İAM-a həvalə olundu. 37 Kütləvi İnformasiya Vasitəsi arasında 7 nominasiyada qaliblər Beynəlxalq Muğam Mərkəzində mükafatlandırıldı. PFL-in tədbirində İAM-ın özünün də mükafatlandırılması görülən işə verilən yüksək qiymətin nəticəsi idi.
2013-cü ilin sonunda keçirilən yeni layihə daha böyük əks-səda doğurdu. ”İlin qalibləri” adlanan bu layihə çərçivəsində həmin il Azərbaycan idmanında ən yaxşıların seçimi məqsədilə sorğu keçirildi. Burada aparıcı KİV-lərin idman jurnalistləri iştirak etdi. 2013-cü ilin dekabrın 18-də "Qafqaz Baku City" otelində keçirilən tədbirdə sorğunun qalibləri mükafatlandırıldı. Yeri gəlmişkən, həmin sorğuda ilin məşqçisi (bütün növlər üzrə) seçilən "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 2014-cü ildə də bu nominasiyada qalib oldu. Ötən ilin dekabrın 14-də "Demirchi Tower”də təşkil olunan tədbirdə 43 yaşlı mütəxəssisə sürpriz hədiyyə də təqdim olundu. Bu, peşəkar boks üzrə bir sıra kəmərlərin sahibi Fariz Məmmədovun üzərində "Mütləq Qalib" yazılan xüsusi kəmərini Qurbanova təqdim etməsi idi.
"Xəzər Lənkəran”la birgə keçirilən layihələr
2014-cü ilin fevralında startı verilən yeni layihə fərqli mövzuda idi. Bu, "Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə yazı müsabiqəsiydi. İAM-ın Lənkəran təmsilçisi ilə birgə keçirdiyi müsabiqədə mövzu "Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri” idi. Təcrübəli idman jurnalistlərinin yer aldığı münsiflər təqdim olunan yazıları qiymətləndirdi. Həmin 12 yazı Azərbaycan mətbuatında xüsusi çəkiyə malik jurnalistlər - "Baku Post" internet qəzetinin redaktoru Rövşən Binnətli, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, ATV telekanalının idman şöbəsinin redaktoru İlkin Fikrətoğlu və "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan ibarət münsiflər heyəti tərəfindən oxundu. Yazılara saylarına uyğun olaraq, 1-dən 12-dək qiymət qoyuldu. İlk 3 yerin sahiblərinə mükafatlarla (800, 600 və 400 manat) yanaşı, 200 manat məbləğində 3 həvəsləndirici mükafat da nəzərdə tutulmuşdu. Yekunda qalib adını 40 xalla korner.az saytının baş redaktoru Saleh Arslan qazandı. Hazırda apasport.az saytında çalışan və müsabiqəyə yazını "Çempion" qəzetinin əməkdaşı kimi təqdim etmiş Ruslan Sadıqov 39 xalla 2-ci, "Futbol dünyası" qəzetinin şöbə müdiri Rasim Mövsümzadə isə 38 xalla 3-cü yeri tutdu. Daha 3 yazı müəllifi - hazırda PFL-də çalışan və müsabiqə vaxtı yazını "Çempion" qəzetinin əməkdaşı kimi təqdim etmiş Elgiz Abbasov 34, "Olimpiya dünyası" qəzetinin şöbə müdiri Rahib Səmədov 27, "Komanda" qəzetinin əməkdaşı Heybət Məmmədov 26 xalla sonrakı 3 yeri tutaraq, həvəsləndirici mükafata sahib oldular.
Növbəti ayda İAM-ın "Xəzər Lənkəran"la birgə keçirdiyi layihə isə klubun tarixi ərzində ən yaxşı yerli futbolçunu, legioneri və simvolik komandanı seçməklə bağlı idi. Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirildi. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olundu.
Fərqli layihə - Sportnet.az saytı
İAM-ın ötən ad günündə - 2 yaşının tamamlandığı vaxtda həyata keçirdiyi layihə tam fərqli idi. Bu, Sportnet.az adlı idman portalıdır. İlk rəsmi iş günündə saytın əməkdaşı Ceyhun Əliyevin KİV təmsilçiləri arasında Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi şahmat turnirində qalibiyyəti ilə əlamətdar oldu. Mayın 13-də 1 yaşını qeyd edəcək sayt bu qısa müddətdə tanınaraq, seçilən portallardandır. İAM-ın təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi ilə keçirilən FUTPROQNOZ yarışması 2014-ci ilin yayında Braziliyada təşkil olunan dünya çempionatı ilə bağlı idi. Onun qalibi "Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanov oldu. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq FİFA hakimimiz Əliyar Ağayevlə apasport.az saytından təcrübəli həmkarmız Tahir Hümmətov oldular.
Qaliblərin mükafatlandırılma mərasimində Çempionlar Liqasının pley-off mərhələsinin başlanması münasibətilə qonaqlar arasında "Çempion” adlı yarışmanın püşkü atıldı. Hazırda yarımfinalda mübarizə aparan iştirakçılardan 3-ü jurnalistlər - Mehman Süleymanov ("Qəbələ İK” qəzeti), Vüsal Süleymanov (ANS), Ceyhun Əliyev (sportnet.az saytı), 1-i isə FİFA hakimi Əliyar Ağayevdir.
Bəli, İAM-ın növbəti ad günündə onun keçdiyi yola birgə səyahət etdik. Göründüyü kimi, o, sənəd üzərində olan bir təşkilat deyil, əksinə, bu müddətdə az işlər görməyən qurumdur. Ən əsası, İAM Azərbaycan idmanının inkişafına öz töhfəsini verməyi qarşıya məqsəd qoyan bir qurumdur. Qarşıda isə görülməsi planlaşdırılan çox işlər var...
Mehman SÜLEYMANOV