"ABŞ, İsrail və İran arasında müharibənin davam etməsi səbəbindən çoxları deyirdi ki, Bakı - Xankəndi Azərbaycan Velosiped turu ləğv olunacaq. Amma maksimal say olan 25 komandadan 24-ü ölkəmizə gəlib".
Bunu Sportnet.az-a açıqlamasında yarışın Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycana bu qədər komandanın gələcəyinə heç kim, hətta yarışın texniki direktoru Roland Hofer də inanmayıb: "Hofer deyirdi ki, 17-18 komanda çağıra bilsəniz, böyük işdir".
Ələkbərov bildirib ki, təşkilatçılıq strategiyasında bu məsələ önəmini saxlayır: "Biz elə-belə razılaşmamışıq ki, Eurosport telekanalının Bakı - Xankəndi Azərbaycan Turunu canlı yayımlasın. Belə səviyyəli komandaları heç yerdə Eurosport səviyyəli telekanal, demək olar ki, göstərmir. Çünki 2.1 səviyyəli yarışların sayı çoxdur: 26-sı Avropada, 8-i Asiyada, 1-i Afrikadadır. Asiyadakı 8 yarışdan yarısı Çindədir. Bu, çox mürəkkəb prosesdir. Amma komandaları bura cəlb edən həm Azərbaycanın adı, həm də onların özlərini göstərmək imkanlarıdır. Əvvəlki "Tour d`Azerbaidjan" veloturu onların yadlarında qalıb, özləri ilə əlaqələrimiz də davam edirdi, ona görə dəvət etdik. Hətta Əlcəzairdən Yusef Reqiqi adında velosipedçi 9 ildən sonra böyük məmnuniyyətlə yenə Bakıya gəlib. Təbii ki, o, bizim təbliğatçımızdır. Onları Eurosport telekanalı elə göstərir ki, başqa yerdə belə imkan yoxdur. Əsasən, dünya turlarını göstərirlər. Orada 22-23 komanda olur. İstər Tour de France, istər Vuelta, istər Giro d`Italia olsun, bir-biri ilə rəqabətdədir. Amma Azərbaycana yeni komandalar gəlib. Onların özlərini göstərmək, potensiallarını ortaya qoymaq və nə isə əldə etmək imkanları var. Bax, budur onları cəlb edən. Əlbəttə, Azərbaycanın adı və imkanları da var. Biz də çalışacağıq ki, nə bacarırıqsa, hamısını göstərək, bu, gələcəkdə də belə olsun".
Qeyd edək ki, Bakı - Xankəndi Azərbaycan Velosiped turu mayın 14-dək davam edəcək.



















































































