"Həftənin əvvəlindən yarışa hazırlaşmağa başlamışdıq. Öndə 3 nəfər qərarlaşmışdır. Komanda olaraq çalışdıq və bir-birimizə verdiyimiz dəstək sayəsində sonda birinci yerdə qərarlaşdıq".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniyanın "Burgos" komandasının velosipedçisi Coş Barnett qalibi olduğu Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışı barədə danışarkən deyib.
O komanda üzvlərinin bi4-biri ilə çox yaxşı münasibətdə olduqlarını vurğulayıb. Barnett qələbədə bu amilin böyük rol oynadığını söyləyib: "Bu, mənim peşəkar səviyyədə ilk qələbəmdir. Artıq 3 ildir ki, velosipedlə məşğulam. Hər bir velosipedçi ilk qalib gəldiyi yarışı sonadək xatırlayır. Mən də bu yarışı unutmayacağam".
Barnett 5 mərhələ içərisində V raundu çox çətin mərhələ adlandırıb: "Bu mərhələnin ilk 100 km-lik bölümü asan idi. Sonrakı 50 km-lik hissə dağlıq olduğu üçün müəyyən çətinliklər yaratdı. Eyni zamanda II mərhələni qeyd edərdim".














































































