Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23 yaşadək gənc ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yaşı 20-dək olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayan Səbinə Əzimova kiçik "bürünc"ə yiyələnib. O, birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci, təkanla qaldırmada isə 105 kq göstərici ilə 3-cü yeri tutub. Toplam 185 kq (80+105) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada 4-cü yeri tutub.
Yeniyetmələr arasında Avropa çempionatının üç qat qalibi olan Əzimova ötən il Polşanın Zamots şəhərində gənclərin qitə birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağırlıqqaldıranın son bir ildə ikinci medalıdır.
Qeyd edək ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.