Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku başa çatmaq üzrədir.
Sportnet.az xəbər verir ki, "Paris 2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.
Bu gün onlardan sonuncusu – Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.