
Azərbaycanın şose velosipedi üzrə milli komandasının üzvü Elçin Əsədov "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
– Sizin haqqqınızda çəkilən filmin çəkilişlərinə nə vaxtdan başlanılıb?
– Uzun vaxt deyil. 2-3 ay içərisində oldu. Azərbaycan Velosipedi Federasiyasının prezidenti Mədət Quliyev xahiş etdi ki, idmançılarımızın həyatı haqqında veriliş çəkilsin. O verilişin əsnasında 30 dəqiqədən ibarət belə bir film ortaya çıxdı. Ailəm və mənim üçün belə bir filmin çəkilməsi sevindirici bir haldır. Kim əziyyət çəkibsə, hamısına "çox sağ olun" deyirəm. Bu filmin əziyyətini çəkənlərin hamısı gənclər olub. Bu da sevindirici bir haldır ki, bizim gənclərimiz belə filmlərlə, lahiyələrlə üzə çıxırlar.
– Bu filmin televiziyaya çıxarılması da nəzərdə tutulubmu?
– Bundan mənim xəbərim yoxdur. Bunu filmin rejissorundan soruşsanız, daha yaxşı olar.
– Azərbaycan idmançıları haqqında filmlərin çəkilməsi ənənə halını alıb...
– Bu tendensiya dünyada var. Mayk Tayson, Məhəmməd Əli haqqında da filmlər çəkilib. Bizdə də öz idmançılarımız haqqında filmlər hazırlanır. Gələcəkdə də Fərid Mansurov, Elnur Məmmədli, Hacı Əliyev kimi dünya şöhrətli idmançılarımız haqqında filmlər çəkilər.
– Filmdə deyirsiniz ki, rus dilini bilmirsiniz. Artıq rus dilində danışmağı bacarırsınızmı?
– (gülür) Çox yaxşı bilirəm. Hətta Ukrayna dilində də danışmağı bacarıram (bu sözləri rus dilində deyir – S.M.).
– Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında hamı sizdən medal gözləyirdi. Nəzərə alaq ki, siz Türkiyədə çıxış edirsiniz, ora sizə doğma ölkədir. Ancaq medal qazana bilmədiniz. Uğursuz çıxışın səbəbini nə ilə əlaqələndirirsiniz?
– Bunu uğursuz saymıram. Buna bəxtsizlik deyərdim, uğursuzluq yox. Çünki 1-ci yerlə mənim tutduğum 7-ci yer arasında vaxt eynidir. Sadəcə, fotofinişdə mən uduzmuşam. Mən dala qalmamışam. O da mərakeşli idmançı ilə sürtüşmə nəticəsində mən 5-6 pillə geri qaldım. Döngədə onun təkəri sürüşdü, az qala yıxılmışdı, mənə dəydi. Həmin an mən 3-cü sırada idim. Sonra liderlərə çatdım, amma fotofinişdə uduzdum. Bu isə məğlubiyyət yox, bəxtsizlikdir. Özüm də medala hazırlaşmışdım. Amma o qədər ölkə arasında 7-ci olmaq da böyük şeydir.
– Azərbaycan Velosiped Federasiyası İslamiadada nəticə qazanmayan yeganə qurum oldu. Bu nə ilə bağlıdır?
– Deməzdim ki, nəticə yoxdur. Biz gənc federasiyayıq. İlk mötəbər yarışımız idi. Finişə ilk "10-luq"da gəlmək velosiped dünyasında bu, böyük nəticədir. 6-7 aydır ki, federasiya yenidən yığılır. Uzun müddət idi ki, federasiyamız yox idi. Çalışacağıq ki, bundan sonra yetişən idmançılarımız daha çox Avropada medallar qazansın, dünya çempionatları və Olimpiadalara lisenziyalar qazansınlar.
– İlin sonunadək sizi hansı yarışlar gözləyir?
– Hazırda mən dünən "Sakarya Böyük Bələdiyyəsi" klubu ilə yarışdan gəlmişəm. "Tour of Sakarya" beynəlxalq turnirinin qalibi olduq. Həm lider, həm də sprint maykasını qazandıq. Bundan sonra da yarışlarımız olacaq.
– Bu, klub yarışıdır. Bəs milli yarışı olacaq?
– Millinin planı haqqında baş məşqçidən soruşmaq lazımdır.