
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov avstriyali idmançı Vanessa Sahinoviç ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. "Report”un xəbərinə görə, səfir AZƏRTAC-a müsahibəsində Sahinoviçin öldüyünü təkzib edib.
O bildirib ki, Sahinoviç sağdır: "Səfirliyin nümayəndələri bu gün və dünən Vanessanın ailəsi, həkimi ilə görüşüblər. Onlar Vanessanın vəziyyətinin stabil olaraq qaldığını bildirirlər. İdmançının həyatı üçün heç bir təhlükə yoxdur və onun müalicəsində müsbət dinamika müşahidə olunur. Çox təəssüf ki, yoxlanılmamış məlumat verilib. Bunu təxribat xarakterli və jurnalist etikasına sığışmayan hərəkət kimi qiymətləndirirəm. Bu addım bir tərəfdən, qeyri-peşəkarlıgı göstərir, digər tərəfdən, avstriyalı idmançının səhhətindən narahat olan ailəsinin və onlara bu çətin məqamda kömək edən bütün insanların hisslərinə birbaşa toxunur. Fürsətdən istifadə edərək, media nümayəndələrini bu cür bədbəxt hadisələrdən sui-istifadə etməkdən çəkinməyə çağırıram. Bu hadisənin günahkarı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaq aparılır. Məhkəmə prosesinin nəticələrini gözləmək lazımdır. Vanessa Sahinoviçə tezliklə sağalmağı arzulayıram”.
Səfir Azərbaycan hökumətinin avstriyalı idmançının müalicəsinə necə kömək etdiyi ilə bağlı sualı da cavablandırıb: "Avstriyalı idmançının müalicəsi ilə bağlı hər hansı qərarı yalnız Vanessanın ailəsi, Avstriya Milli Olimpiya Komitəsi və onu müalicə edən həkimlər verir. Bununla yanaşı, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycan hökuməti adından səfirlik avstriyalı idmançıya hərtərəfli dəstək və qayğı göstərir və bunu davam etdirəcək. Hadisənin baş verdiyi andan dərhal sonra Avstriya tərəfi iki idmançısını təcili olaraq Vyanaya gətirilməsi barədə qərar verdi. Zədələnmiş idmançılar Azərbaycan hökumətinin hesabına xüsusi təyyarə ilə bir neçə saatdan sonra Vyanaya çatdırıldı və səfirliyin iştirakı ilə birbaşa xəstəxanaya yerləşdirildi. Həmin gündən etibarən səfirlik həm həkimlərlə, həm də zərər çəkmiş idmançının ailəsi ilə yaxşı münasibət yaradıb və demək olar ki, onlarla hər gün təmasdadır. Səfirlik Azərbaycan hökuməti adından zərər çəkmiş idmançıları və ailələrini hər cür kömək və tibbi reabilitasiya ilə təmin etməyə hazırdır. Bu humanist addıma və dəstəyə görə avstriyalı idmançıların ailələri Azərbaycan hökumətinə öz minnətdarlığını bildirirlər”.