
Azərbaycanın 11 boksçusu "Bakı 2015" I Avropa Oyunlarında ən azı bürünc medalı təmin edib. Sportnet.z-ın məlumatına görə, 1/4 finalçılardan son olaraq, Xaybula Musalovla Yana Alekseyevna bu vəzifənin öhdəsindən gəlib.
75 kq çəki dərəcəsində yer alan Musalov 1/4 finalda belaruslu Vitali Bondarenkonu 3:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Onun növbəti rəqibi Zoltan Harksa (Macarıstan) olacaq.
Qadınlar arasında 60 kq çəkidəki təmsilçimiz Yana Alekseyevna isə 1/4 finalda rusiyalı Zinaida Dobrıninanı 3:0 hesabı ilə yenib. Onun yarımfinaldakı rəqibi olimpiya, dünya və Avropa çempionu, "Bakı 2015"in idman elçisi Keti Teylor olacaq.
x x x
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha 2 boksçusu medal uğrunda döyüşçəcək. Sportnet.az-ın məlumatına görə, bunlar Xaybula Musalovla Yana Alekseyevadır.
Kişilərin mübarizəsində 75 kq çəki dərəcəsində yer alan Musalov saat 12:30-da 1/4 final qarşılaşmasında belarus Vitali Bondarenkonu sınağa çəkəcək. Qələbə təqdirində o, yarımfinalda Kamil Qardzielik (Polşa) - Zoltan Harksa (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 60 kq çəkidəki Yana Alekseyeva isə saat 13:30-da 1/4 finalda rusiyalı Zinaida Dobrınina ilə görüşəcək. Döyüşün qalibi yarımfinalda İda Lundblad (İsveç) - Keti Teylor (İrlandiya) cütünün qalibinə rəqib olacaq.
Axşam seansında isə ilk finalçılar müəyyənləşəcək. Kişilərin arasında 56 kq çəkidəki Tayfur Əliyev yarımfinalda rusiyalı Baxtovar Nazirovla üz-üzə gələcək. Qalib boksçu qızıl medal uğrunda qarşılaşmada Dmitri Asanov (Belarus) - Qais Aşfaq (İngiltərə) cütünün qalibini sınağa çəkəcək. Final döyüşü iyunun 25-də olacaq.
Digər boksçu Teymur Məmmədov da bu gün yarımfinal görüşünə çıxacaq. 81 kq çəkidə yer alan azərbaycanlı idmançının rəqibi rusiyalı Pavel Silyaqin olacaq. Bu gürüşün qalibi qızıl medal uğrunda görüşdə Valentino Manfredonia (İtaliya) - Aleksandr Xijnyak (Ukrayna) cütünün qalibi ilə döyüşəcək.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında boks yarışları iyunun 27-dək davam edəcək.