Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və region təhsil müəssisələrinin tələbələri arasında rəy sorğusu keçirilib. Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ümumilikdə 105 min tələbə-gəncin iştirak etdiyi sorğuda 24.182 sorğu blankı elektronlaşdırılıb.
Onlardan 12 min 472 nəfəri kişi, 11 min714-ü qadın, 4 min 48 nəfəri 18 yaş, 6 min 5 nəfəri 19 yaş, 9 min 612 nəfəri 20 yaş, 2 min 483 nəfəri isə 21 yaş həddindədir. Tələbələrdən 13 min 584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6.703 nəfəri kişi, 6 min 881-i qadındır.
Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3.941 nəfər güləşə, 3.812 nəfər boksa, 3.437 nəfər isə cudoya azarkeşlik etmək istəyini bildiriblər.
Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:
1) Voleybol – 9.191 nəfər
2) Su idman növləri – 6.555 nəfər
3) Bədii gimastika – 6.059 nəfər
4) Velosiped – 5.485 nəfər
Qadınlar arasında isə 6.059 nəfər voleybola, 4.379 nəfər bədii gimnastikaya, 3.646 nəfər isə su idman növlərinə azarkeşlik etmək istəyini bildirib. Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilib. Mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılma prosesi bu həftə ərzində yekunlaşacaq.
Qeyd edək ki, elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.
Sevinc XANQIZI