
2011-ci ildə "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsində Nigar Camal ilə birgə Azərbaycana tarixi qələbə qazandırmış Eldar Qasımov Sportnet.az saytına eksklüziv müsahibə verib. Müsahibə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına bir il qalmış keçirilən geri sayım mərasimində baş tutub.
- Bura gəlməkdə məqsədiniz nə idi?
- Məqsədim ilk növbədə dövlətimizi, Vətənimizi, bu gözəl bayramda mənəvi dəstəkləmək idi. Çünki bu, dünyada, dünya arenasında bizim yeni qələbəmizdir. Sadəcə, təsəvvür edin, ilk Avropa oyunları məhz Azərbaycanda keçirilir. İndi hər kəs - azarkeşlər eyforiyadadır. Biz hələ ki bunu başa düşmürük. Amma bunun miqyası həqiqətən çox böyükdür. Şəxsən mən fəxr edirəm ki, bu gözəl oyunlar - ilk Avropa Olimpiya Oyunları məhz Bakıda olacaq.
- Yəni, öz istəyinizlə gəlmişdiniz, yoxsa dəvət etmişdilər?
- Gördüyünüz səhnəni, dekorasiyaları və s. mənim Bakıdakı dostlarım təşkil ediblər. Onlar xaricdəki dostlarımla birgə işləyirlər. Onlar məni bura dəvət ediblər ki, mən də bu gözəl bayramın bir hissəsi olum. Çox şadam əslində. Həqiqətən də çox səmimi deyirəm, qürur hissi duyuram. Bütün dünya indi bizə baxır.
- Ümumiyyətlə, Avropa Oyunları barədə nə bilirsiniz?
- Bu, ilk Avropa Oyunlarıdır. Növlərindən xəbərim yoxdur, çünki mən yarış prosesi ilə dərindən maraqlanmıram.
- Xaricdə tez-tez olursunuz. Bəs əcnəbi dostlarınızın bu Oyunlarla bağlı məlumatları izləyirlər?
- Xeyr, onlar izləmirlər. Amma bilirlər ki, 2015-ci ildə Bakıda, daha doğrusu Azərbaycanda Avropa Oyunları olacaq. Necə olacaq və s. hələ ki naməlumdur. Amma bütün Avropada yaşayan dostlarım, dünyadan mənə yazan pərəstişkarlarım üçün bu, yeni bir fürsətdir ki, Azərbaycana gəlsinlər, yenə də gözəlliyi görsünlər və qonaqpərvərliyi hiss etsinlər.
- Bu layihədə iştirak üçün Sizə hansısa təklif olub?
- Hələ təklif olunmayıb. Əslində hansı təklif ola bilər? İdmanla o dərəcədə məşğul olacağımı fikirləşmirəm ki, özümü Avropa Oyunlarında sınayım. Amma məhtəşəm Avropa Oyunlarının himnini oxuya bilərəm. Bunu ilk dəfə indi sizə açıqlayıram: Şəxsən bu, mənim iddiamdır ki, Oyunlar üçün yazılan mahnılardan birini mən ifa edim.
- Bəs Nigar Camal niyə tədbirdə yoxdur?
- Nigar indi uşaqları ilə Londondadır. Amma bu yaxınlarda Bakıya gələrək, Avropa Oyunları ilə bağlı tədbirlərə qatılmalıdır.
Sevinc XANQIZI