AFFA Region Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən final qarşılaşmasında “Zəngəzur” və “Marafon” komandaları üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən “Zəngəzur” çempion adını qazanaraq II Liqaya vəsiqə əldə edib. Finalda məğlub olan “Marafon” isə II Liqaya yüksəlmək uğrunda pley-off matçına çıxacaq.
III yer uğrunda görüşdə isə “Biləsuvar” komandası “Şəfəq” üzərində 4:1 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Matçlardan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mövsüm ərzində 78 qol vuran “Marafon”un futbolçusu Vüqar Əşrəfli bombardir adına layiq görülüb. “Zəngəzur”un üzvü Elgün Abbaslı isə Region Liqasının mövsümün ən yaxşı futbolçusu seçilib.
Sonda “Biləsuvar” bürünc, “Marafon” gümüş, “Zəngəzur” isə qızıl medallarla yanaşı, kubokla təltif olunub.
Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.





































































