Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının üzvü Melis Sarıaltının qondarma Kürdüstan dövləti və PKK lideri Abdullah Öcalanın şəkli olan bayraqla "Kobaniyə dəstək" mitinqinə qatılması birmənalı qarşılanmayıb. Bununla əlaqədar Sportnet.az AFFA, futbol ictimaiyyəti, mətbuat və siyasi mühitində təmsil olunan şəxslərin rəyini öyrənib.
Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Düşündürücü və ağrılı məqamdır. Melis xanım terrorçu Öcalanın şəklinə elə həsədlə baxırsa və Azərbaycan yığmasının formasını "Kürdüstan" yazılan köynəyə belə həvəslə dəyişirsə, AFFA-nın "milliləşdirmə" siyasətinin iflasa uğradığı aydındır. Ümumiyyətlə, bu siyasətin əsasında heç bir etnik bağın dayanmadığı hər kəsə aydın idi. Amma indi belə görünür ki, hətta separatçılara, terrorçulara dəstək verən istənilən şəxs çox asanlıqla bizim yığmaların formasını geyə bilər. Məncə, Melis xanım təcili yığmadan uzaqıaşdırılmalı, onu yığmaya gətirən şəxs də sərt şəkildə cəzalanmalıdır. Separatçılıqdan əziyyət çəkən ölkə kimi bu, bizim təbii haqqımızdır".
Ağasəlim Mircavadov (Mütəxəssis): "Ümumiyyətlə, "Milliləşdirmə" sözü mənə qəribə gəlir. Yerli futbolçularımız olmalıdır. Bilirsən ki, yerlidir, ürəyi yanacaq. Azərbaycan üçün, torpağı, ailəsi üçün ürəyini verəcək. Lap bizim yerli qızlarımız xaricdə oynasalar, lap əla olar. Burda qəbahət yoxdur, ustalığı varsa, getsin. Axı onun bayraq qaldırmağı kimə lazımdır? Azərbaycan millisinin futbolçusunun belə hərəkəti bizə zərərdir. Azərbaycanda heç vaxt milli ayrıseçkilik olmayıb. Burada doğulubsa, ürəyi vətəni üçün döyünür. O qız Azərbaycan millisində oynayırsa, bunu dərk edib o hərəkəti etməməlidir. Çünki bizim xalq həmişə sülhsevər olub. Ümumiyyətlə, bizim qadın futbolumuz ilə bağlı məlumatın yoxdur. Bu gün mənə dedilər ki, bəs bu qız bizim millidə oynayır, məəttəl qaldım. Bu mövzüda çox danışmaq olar. Futbolun inkişafı ilə bağlı federasiya rəhbərləri çox işlər görür. Amma çox futbolçunu milliləşdirmək olmaz. Ola bilər ki, hansısa mərhələdə 1-2 oyunçu lazım olsun. Amma sonradan hazırlıq işləri görülməlidir ki, bir-iki ildən sonra milliləşdirilmiş futbolçunun yerinə yerli gəlsin. Yəqin ki, AFFA-da xəbərdardır. Sadəcə diqqət Xorvatiya ilə oyuna görə, əsas millidədir. Gəldikdən sonra tədbir görərlər. Mənə elə gəlir ki, Azərbayca millisində çıxış edən adam başqa ölkəni təmsil edirsə, demək lazımsızdır".
Elçin Xalidbəyli (Politoloq): "Bu xanım sadəcə, kürdlərin müdafiəsinə dəstək vermiş olsaydı, bunu insani baxımdan anlamaq olardı. Ancaq Azərbaycan millisinin üzvü olan bir şəxsin PKK terror təşkilatının bayrağını və onun liderinin portretini qaldırması yolverilməzdir. Melis xanım PKK terror təşkilatına olan rəğbətində səmimidirsə, onda Azərbaycan millisində çıxış etməkdən dərhal imtina etməsi lazımdır. Digər tərəfdən, AFFA-nın da bu məsələyə susqun qalması yolverilməzdir. Çünki bu, kifayət qədər ciddi məsələdir və terrorizmin təbliğ olunması xarakteri daşıyır. Ona görə də AFFA-nın buna ən qəti şəkildə reaksiya verməsi lazımdır. Məncə, belə bir dünyagörüşünə malik şəxs Azərbaycan millisində çıxış etməməlidir. Eyni zamanda, bu xanımı Azərbaycan millisinə cəlb edən şəxslərdən də hesabat istənməlidir ki, belə bir addımı atmaqdan əvvəl ciddi və hərtərəfli araşdırma aparmışdılarmı?"
Elxan Məmmədov (AFFA-nın baş katibi): "İdman, o cümlədən futbol siyasətdən uzaq olmalıdır. Melis Sarıaltın aşaği yaş qruplarından ibarət yığma komandamızın heyətində oynayıb. Bir Azərbaycan vətəndaşı kimi onun bu hərəkətinin - tanınmamış bir olkənin bayrağını təbliğ etməsinin əleyhinəyəm".