
Oktyabrın 24-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində ilk dəfə AİBA Proboxing turnirinin döyüşləri start götürəcək. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə çəkisi 91 kq-dan yuxarı, ertəsi gün isə 69 kq olan boksçular rinqə çıxacaqlar.
Bu gün 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçuların çəki mərasimi və mətbuat konfransı baş tutub. Oktyabrın 25-də bu döyüşlər olacaq:
Markos Nader (Avstriya) – Rayton Okviri (Keniya)
Onur Sipal (Türkiyə) – Eymantas Stanionis (Litva)
Denis Lazerev (Ukrayna) – Qyula Keyt (Macarıstan)
Andrey Zamkovoy (Rusiya) – Fariz Məmmədov (Azərbaycan)
2012-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Onur Sipal öncə başqa boksçu ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi zədələndiyindən, Sipal Stanionislə üz-üzə gələcək. Türkiyəli idmançı bunun ona o qədər də təsir etmədiyini deyib: "Bizim işimiz rinqə çıxaraq, rəqibin kimliyindən asılı olmadan döyüşməkdir. Litvalı idmançı gəncdir. Mənim məqsədim isə AİBA Proboxing turnirindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bakıda özümü evdəki kimi hiss edirəm. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. İnanıram ki, burada dəstəksiz qalmayacağam”.
Ukraynalı Denis Lazerev "Qarabağ”ın Avroliqa turnirində "Dnepr”i məğlub etməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Təssüff ki, oyuna baxa bilmədim. Həmin vaxt Bakının gəzməli-görməli yerləri ilə tanış olurdum. İçərişəhər və şəhərin mərkəzi çox xoşuma gəldi”.
Mətbuat nümayəndələri Fariz Məmmədovla Andrey Zamkovoya daha çox diqqət göstəriblər. Azərbaycan boksçusu rəqibinin olimpiadaların bürünc müfataçısı olmasına baxmayaraq, özünün də planetin ən böyük yarışında iştirak arzusunda olduğunu deyib: "Məhəmmədrəsul Məcidovun turnirdən imtinasından sonra Bakıda yalnız mən rinqə çıxacağam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir. Hamının diqqəti üzərimdədir. Amma bu, məndə psixoloji gərginlik yaratmır. Əksinə, doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm”.
Zamkovoy isə Məmmədovun bir neçə döyüşünə baxdığını və rəqibi təhlli etdiklərini deyib: "Rəqibim ilk dəqiqlərdən irəli atılaraq, təzyiq göstərməyi sevən boksçudur. Düzdür, onun peşəkar rinqdə təcrübəsi çoxur. Bu, azərbaycanlı boksçuya müəyyən üstünlük verir. Amma hər şey rinqdə aydın olacaq”.
Məmmədov boyca rəqibindən 12-14 sm kiçik olmasının döyüşə təsir etməyəcəyi qənaətindədir: "Özümə ucaboy sparinq rəqib götürmüşdüm. Axır vaxtlar məhz boyca hündür boksçularla qarşılaşıram. Amma bu heç bir problem yaratmır. Əksinə, mənim üçün onlarla döyüşmək daha rahatdır. Əvvəlki qarşılaşmalarda ucaboy rəqiblərimi məğlub etmişəm”.
Qeyd edək ki, "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək görüşlər saat 19:00-da başlayacaq. 56 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev isə noybarın 1-də Argentinada yaponiyalı Satoşi Şimidzu ilə üz-üzə gələcək.