"Bakı" klubunun futbolçusu Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi
"Jabanın gəlişindən sonra..."
- Premyer Liqada ilk dövrənin son turunda AZAL-ı səfərdə məğlub etdiniz və yeganə qolun müəllifi Siz oldunuz...
- Şükür Allaha, əziyyətim hədər getmir. Vurduğum qollarla məşqlərdəki əziyyətimin bəhrəsini görürəm. Ona görə də üzərimdə daha çox işləməliyəm. Çünki məqsədim Azərbaycanda yox, xarici klublarda oynamaqdır. Bu da realdır ki, biz azərbaycanlılar sabah daha yüksək liqalarda oynamaq üçün öz üzərimizdə daha çox işləməliyik.
- Hücumçu üçün boy amili nə qədər önəmlidir?
- Məncə, futbolda əsas məsələ ağıldır, nəinki boy. Ani epizodlarda rəqibi qabaqlamağa boy yox, ağıl lazımdır.
- Bəs Jabanın qayıdışı Sizdə onunla rəqabət hissi yaratmayıb?
- Yox, əksinə. Əvvəllər hücumda üstümə daha çox yük düşürdü. İndi isə Jabanın gəlişi ilə hücum xəttində daha effektli olacağıq. Fikrimcə, mənim üstün cəhətim həm cinahlarda, həm də mərkəzdə hücumçu kimi rahat oynaya bilməyimdir.
"Aqüero və Azarın oyunlarına daha çox baxıram"
- Dünyanın əksər hücumçuları Sizin kimi bəstəboydurlar. Onların oyun üslubundan özünüzə nə isə götürə bilmisiniz?
- Mən daha çox Serxio Aqüero və Eden Azarın oyunlarına baxıram.
- Onların oyunlarında Sizi cəlb edən nədir?
- Aqüero və Azar daha çox topu ayaqlarında saxlayır, az top itirir, ən əsası, oyunu öz üzərlərinə götürürlər.
- Bayaq dediniz ki, məqsədiniz xarici çempionatlarda çıxış etməkdir. Belə anlamaq olarmı ki, İngiltərə Premyer Liqasına can atırsınız?
- Oy-oy! Əsl mənim ürəyimcədir. Çox sərt liqadır.
- Bəs sərt liqa demişkən, zədədən ehtiyatlanmırsınız?
- Xeyr. Futbolçu zədə almaqdan qorxanda həmişə zədə alır. Ürəklə oynadıqda isə zədə uzaq olur.
- Heç yerli və ya xarici klublardan təklif almısınız?
- Söhbətlər var, amma xahiş etmişəm ki, narahat etməsinlər. Hələ qış transfer pəncərəsinin açılmasına çox var. Hazırda meydanda nə isə etməyi düşünürəm.
"Yekələnməyə ehtiyac yoxdur"
- Bəzən elə yerli futbolçular olur ki, az-çox reklam olunan kimi başlayırlar idmançıya yaraşmayan hərəkətlərə yol verməyə. Kimisi qəlyan çəkir, kimisi yüksək sürətlə maşın sürüb insanların həyatını təhlükəyə atır, kimisi qızların əhatəsində kef-damaq məclisi qurur. Belə hallara münasibətiniz necədir?
- Açıq danışacağam: Futbol aləmindəki və real həyatdakı dostlarım da bilir ki, qəlyanla heç aram yoxdur. Çünki iyi məni boğur. Maşın sürürəm, amma sürətlə idarə etməyi xoşlamıram. Kiminsə maşınına oturanda isə xahiş edirəm ki, normal sürətlə idarə etsin. Qaldı ki, özünü dartma və ya qızlarla əylənməyə, məncə, biz hələ Azərbaycan Premyer Liqasında oynayırıq. Bu, faktdır ki, bizim çempionat Avropanın bir çox liqalarından səviyyəcə aşağıdır. Ona görə də yekələnməyə ehtiyac yoxdur. Yaxşı futbolçu sadəliyi ilə seçilməlidir. Özündən razı və ya böyük-böyük hərəkətlər edən yaxşı, güclü futbolçu tanımıram.
- Amma özünüz də ilk baxışdan, sadə insan təsiri bağışlamırsınız...
- (gülür) Niyə ki? Razıyam, kənarda elə görünə bilərəm. Amma gərək buna fikir verməyəsən. Məncə, insanın özü ilə bir az söhbət edəndə onu daha yaxşı tanımaq olar. Mən çox dəcəl, zarafatcılam. Uşaqlarla çox zarafat edirəm. Belə... Xasiyyətimi də gizlətmirəm. Tam səmimi. Amma oyun vaxtı bütün fikrimi, hər şeyimi futbola verirəm. Həqiqətən də bundan gözəl bir şey yoxdur.
- Bəs klubunuzdakı pulsuzluq oyununuza necə təsir edir? Bəzi komanda yoldaşlarınız deyir ki, pul olmayanda oynamaq da olmur...
- Komanda yoldaşlarımın fikri ilə razıyam. Həqiqətən də oyuna hazırlaşmaq çətin olur. Amma meydana çıxanda pul ağlımda olmur. Bizim nə əziyyət çəkdiyimizi heç kim bilmir, ancaq 90 dəqiqə meydanda nə etsək, onu görürlər. Uşaqlar həqiqətən böyük bir yükün altından alnıaçıq çıxırlar. Maşallah!
"Komanda yoldaşlarımın haqqını yeməsinlər!"
- Mübariz komanda təsiri bağışlasanız da, 0:4, hətta 0:7 kimi böyük hesablarla da uduzmusunuz...
- Düzdür. Bu hesablarda bizim də böyük səhvlərimiz var. Amma futbolda hər şey ola bilər. Uşaqlar oyunlara psixoloji cəhətdən çətin hazırlaşırlar. Bu da normaldır. Belə vəziyyətdə ən yaxşı legioner və ya yerli futbolçu da hər oyuna hazırlaşa bilməz.
- Amma belə məğlubiyyətlər və gözlənilməz qələbələrdən sonra bəzən söz-söhbətlər də yayılır ki, "Bakı" oyununu Topaz-a qoyur....
- Bunlar gülməli söz-söhbətlərdir. Meydanda əziyyəti çəkən bizik. Kiməsə oyun veririk, yoxsa alırıq? Həmin adamlar bu gün "Bakı"nın vəziyyətindən istifadə edən şərəfsizlərdir. Hazırda "Bakı"nın heyətində gənclər, klubun öz yetirmələri oynayır. Komanda yoldaşlarımın haqqını yeməsinlər!
- Belə söz-söhbətlər sizin də qulağınıza çatır?
- Lazımsız insanlar danışırlar. Amma oyunumuzu gəlib meydanda izləsinlər. Onda görərlər ki, nə qədər səhvə yol verərək, camaatın haqqını yeyiblər. Belələrinə sadəcə, "ayıb olsun" deyirəm.
"Heç mənə 21 yaş verərsiniz?"
- Hələ karyeranız irəlidədir. Yaşınızı süni azaltmayıblarsa, uzun müddət oynaya bilərsiniz. Hətta İngiltərə Premyer Liqasında da...
- (gülür) Nəinki yuxarı, heç mənə 21 yaş verərsiniz? Yaşımı azaltsaydım, indi 100 faiz İngiltərədə oynayırdım. Razıyam ki, indi bəzi futbolçular elə oyunlardan çıxırlar ki, düzgün yaşda olanlara da inanmağın gəlmir.
- Yeri gəlmişkən, Azərbaycan millisindəki baş məşqçi dəyişikliyi yığma futbolçuları arasında da islahat aparmağı zəruri edir. Bu baxımdan, Norveçlə qarşıdakı oyuna çağırılacağınızı gözləyirsiniz?
- "Gözləmirəm" desəm, yalan olar. Əlimdən gələnin yaxşısını meydanda edirəm ki, millinin məşqçilərinin gözündən yayınmayım. Artıq sıra bizdədir. Millini canlandırmaq lazımdır. Bunu da elə yerli futbolçular, özümüz edəcəyik. Azərbaycan futbolunu qaldırmağın yükü bizim üzərimizdədir. Məncə, bunu bacarmağın vaxtı çatıb.