
"Xəzər Lənkəran"ın qapıçısı Cahangir Həsənzadənin Sportnet.az-a müsahibəsi...
- Zədə səbəbindən kənarda qalsanız da, yəqin ki, "Qarabağ"la
oyunu izlədiniz. Komandanın çıxışı barədə nə deyə bilərsiniz?
- "Qarabağ"ın necə güclü komanda olduğunu söyləməyə yəqin ki, ehtiyac yoxdur. Ancaq rəqibdə müəyyən yorğunluq da hiss olunurdu. Çünki Avroliqada ağır oyunlar keçirirlər. Məncə, bu görüşdən ən azı 1 xalla ayrıla bilərdik. Sadəcə, birinci hissədə ani diqqətsizliklər bizə baha başa gəldi. Sadə səhvlərin nəticəsi kimi birinci hissədə 3 top buraxdıq. Amma sevindirici haldır ki, futbolçularımız həvəsdən düşmədilər və fasilədən sonra intriqanı yenidən qaytardılar. İkinci hissənin əvvəllərində 2 top vurub fərqi azaltsaq da, təəssüf ki, bərabərlik qolunu vura bilmədik.
- Rəqib əsasən ikinci heyətlə meydana çıxmışdı. Bu amilin komandanıza mənfi təsiri ola bilərdimi? Yəni bəlkə futbolçularda arxayınlıq
oldu və bunun nəticəsində birinci hissədə 3 qol buraxdınız?
- Yox, mən bu cür düşünmürəm. "Qarabağ"da meydana çıxan futbolçular da əsas heyət oyunçuları sayılır. Şəxsən mən heç bir arxayınlıq hiss eləmədim. Komandamız yalnız qələbə barədə düşünürdü. Bayaq da qeyd etdiyim kimi, müdafiədə adi epizodlarda mövqe səhvlərinə yol verməyimiz bizə baha başa gəldi.
- Növbəti turdakı rəqibiniz "Sumqayıt"dır...
- "Sumqayıt"ın bu mövsüm yüksək səviyyədə oyun nümayiş etdirməsi şəxsən mənim üçün sürpriz olmadı. Çünki onlar hələ ötən mövsümün son 1-2 ayında yüksəlişə keçmişdilər. Kənardan düşünmək olar ki, "Sumqayıt" təcrübəsiz gənclərdən qurulmuş komandadır. Ancaq artıq kifayət qədər təcrübə toplayıblar və çox qaçırlar, sürətli oyunçulara malikdirlər. Biz isə yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Bunun üçün "Sumqayıt" kimi mübarizə aparmalı, meydanda çox qaçmalıyıq.
- Hədəfinizin yüksək yerlər olduğunu bildirdiniz. Bu, çətin
olmayacaq?
- Təbii ki, çətin olacaq. Çünki çempionatdakı komandaların gücü bir-birinə yaxındır. Hamı meydana qələbə üçün çıxır. Hesab edirəm ki, ardıcıl 2-3 qələbə qazana bilsək, relsə düşəcəyik və daha yüksək yerlərdə olacağıq. Amma mövsümün hələ 3 dövrəsi durur. İndidən "filan yeri tutacağıq" demək çox çətindir.
- Sanki "Qarabağ" çempionatdakı digər
komandalardan bir baş üstündür...
- Bəli, bu fikirlə razıyam. Çünki onların artıq Avropa təcrübəsi
toplamış stabil heyətləri var. Avrokubokda oynamağın təcrübə toplamalarına böyük
köməyi dəyir. "İnter", "Sent-Etyen", "Dnepr" kimi
rəqiblərlə qarşılaşmada futbolçu mütləq nəsə qazanır. Amma digər tərəfdən, "Qarabağ" sıx qrafiklə çıxış edir. İstər-istəməz onlarda da eniş
yaranacaq. Gərək digər komandalar da həmin andan maksimum yararlana bilsinlər.
RƏVAN
