
"Qarabağ" klubunun futbolçusu Vüqar Nadirovun Sportnet.az-ın Zaqatalaya ezam olunan əməkdaşına "Simurq"la Premyer Liqa matçından sonra müsahibəsi...
- "Sent-Etyen”lə oyunda ağdamlı bir futbolçu kimi "Qarabağ”ın heyətində qol vurmaqla gündəmi dəyişdirdiyini düşünmürsünüz?
- Bunu şişirtmək lazım deyil. Bizim işimizdir, işimizi görürük...
- Siz yeganə azərbaycanlı futbolçusunuz ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın aktivinə qol yazdırdınız...
- Mən komandamın uğuru üçün çalışıram. Onu tək eləməmişəm. Kollektiv fəaliyyətin nəticəsi olub. Şükürlər olsun ki, xal itirmədik.
- "Sent-Etyen"ə vurduğunuz qoldan sonra göz yaşlarını saxlaya bilmədiniz. Bu, Ağdama gedib-gəlməyin mümkün olmaması, yoxsa Ağdam adının "Qarabağ”la birgə Avropada hallanması ilə bağlı idi?
- Həm Avropada Ağdamın adının hallanması, həm də atamın Ağdamda şəhid olması ilə bağlı idi. Ona görə özümü saxlaya bilmədim, kövrəldim.
- "Simurq”la qarşılaşmanın əslində çətin keçəcəyi gözlənilirdi, amma bol qollu qarşılaşma 2012-ci ildən sonra yaşanmayıb...
- Gözləyirdik. "Simurq” yaxşı komandadır, evdə, azarkeş dəstəyi altında həmişə yaxşı oynayır. Şükür Allaha, qələbəmizi qazandıq. Belə ağır yolçuluqdan sonra qələbə qazandıqsa, deməli hər şey yaxşıdır.
- Bu gün də vurduğunuz top bir epizodda qapı dirəyinə dəydi. Bu, Vüqar Nadirovun əvvəlki ampluasına yenidən qayıtması deməkdir?
- Əlbəttə, istərdim ki, ilk dəqiqələrdən komandama köməklik edim...
- Ehtiyatda qalmağınız nə ilə əlaqədar idi?
- Baş məşqçimiz nə vaxt tapşırıq versə, çalışırıq ki, yerinə yetirək.
- Hazırda yaxşı formadasınız. Gələcəkdə milli komandaya səni yenidən çağırsalar, gedərsiniz?
- Əlbəttə. Millidə oynamaq şərəfdir.
- Yığmanın baş məşqçi postuna namizəd Robert Prosineçki Sizin haqda xoş sözlər dedi...
- Mənim heç nədən xəbərim yoxdur. İnşallah, yaxşı olar.
Məcid HƏSƏNLİ