
"Rəqib yaxşı oynadı, məğlub edə bilmədik. "Bakı” həqiqətən gözəl oyunlarından birini nümayiş etdirdi". Bunu Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Əfran İsmayılov deyib.
O, sabiq komandasının heyətində çıxış edən perspektivli oyunçuların gələcəkdə yaxşı futbolçu olacaqlarına inam ifadə edib: "Çünki, özüm də bu klubda oynamışam. Uşaqları yaxşı tanıyıram. Bu gün göstərdikləri oyuna görə də onları təbrik edirəm".
İsmayılov bildirib ki, "Xəzər Lənkəran" ilk hissədə yaxşı oynasa da, ikinci hissədə şanslarından yararlana bilməyib. Onun fikrincə, komandasının real qol imkanları da olmayıb. Yarımmüdafiəçi ikinci hissədə yaddaqalan epizodlardan biri kimi öz əlinə düşən qol fürsətini boşa verməsini belə şərh edib: "Zərbədən sonra top qapıdan kənarın keçdi. Qol da ola bilərdi. Futbolda belə hallar olur".
Oyun zamanı "Xəzər Lənkəran"ın digər yarımmüdafiəçisi Tural Cəlilov zədələnsə də, baş məşqçi Oğuz Çətin onu əvəzləməyib. Komanda yoldaşı həmin epizodla bağlı bunları deyib: "Tural zədələnmişdi. Hər birimizə bildirdi ki, zədəsi ağırdır, meydandan çıxmaq istəyir. Amma qalası oldu. Baş məşqçinin qərarıdır. Çıxsaydı, daha yaxşı olardı, əvəzinə hücumçu gələrdi. Ancaq çıxmadısa, demək, baş məşqçi belə məsləhət gördü".
26 yaşlı futbolçunun fikrincə, növbəti turda "Qarabağ”la keçirəcəkləri ev oyunu "Bakı" ilə matçın eynisi olmayacaq: "Çünki "Qarabağ” tamam başqa futbol oynayır. Fərqli oyun üslubu olan klublardır. İnanıram ki, yaxşı olacaq".
"Xəzər Lənkəran"da maaşların verilməməsi barədə xəbərlərə gəldikdə, İsmayılov bunları boş söhbət adlandırıb: "Bəzən gecikmələr olur, lakin maaşların verilməməsi ciddi söhbət deyil. Onu ağlınıza gətirməyin".
Məcid HƏSƏNLİ