
"Biz "Sumqayıt" yaxşı motivasiya ilə meydana çıxacağını bilirdik. Hesab çox tez dəyişdi. Biz də özümüzdə güc tapıb oyunu dəyişməyə çalışdıq". Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Erik Ramos "Sumqayıt"la Topaz Premyer Liqasının XVI tur matçından sonra deyib. 
27 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırkı rəqib əvvəllər 8:1 hesabı ilə udduqları komanda deyil: "Ola bilsin ki, biz matça arxayın çıxmışdıq. Ancaq "Sumqayıt" elə bir komandadır ki, ildən-ilə güclənir. Yadınızdadırsa, biz onları bir dəfə 8:1 udmuşduq. Lakin indi onu eləmək mümkün deyil".
Paraqvaylı legionerin fikrincə, "Neftçi" xeyli erkən qol buraxıb: "Məncə hər şey oradan başladı. "Sumqayıt"ın ağılla oynayan futbolçuları var. Orada elə futbolçular var ki, güclüdürlər və çox komanday baş ağrısı olacaqlar". 
Ramos oyun vaxtı tez-tez mövqe dəyişməsini isə belə şərh edib: "Mən əvvəllər də mövqe dəyişmişdim. Yəni bunu bacarıram".









                 





    
    
    
    
    
    
    
    
    





















































