
"Qəbələ” klubu qapıçı Kamran Ağayevlə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı qolkiperlə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
2014-cü ilin əvvəlindən "qırmızı-qara” formanı geyinən oyunçu "Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə "qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı, Azərbaycan Kubokunun və Avropa Liqasında I təsnifat mərhələsinin iştirakçısı olub. O, Premyer Liqada 31 oyunda 36, Azərbaycan Kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana "Qəbələ”nin kapitanı kimi çıxan təcrübəli qolkiper 2014-cü il fevralın 8-də "Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. "İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin "qırmızı-qara” formada son rəsmi oyunu olub.
"Qəbələ” klubu Kamran Ağayevə "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.









































































