"Yaxşı oyun olsa da, ağır keçdi. Deyə bilərəm ki, çətin qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" ilə Topaz Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərə açıqlamasında "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib.
3:1 hesablı qələbə qazandıqları oyun haqda fikirlərini bildirən qolkiper dumanlı hava şəraitinin onlara mane olduğunu bildirib. Onun sözlərinə görə, "Neftçi"də ilk qol buraxmasında qeyri-adi bir şey yoxdur: "Çempionatda qış fasiləsindən sonra uğursuzluqlar olsa da, ümid edirəm ki, qələbə seriyası davam edəcək. "Neftçi"də ilk qolu buraxdım, amma bu, normal haldır".
Oyun zamanı "Qəbələ"nin futbolçusu Viktor Mendi ilə mübahisəsindən danışan əlcək sahibi rəqib futbolçunun hərəkətini simulyasiya adlandırıb: "Oyun zamanı Mendi ilə kiçik mübahisəm oldu. Ona simulyasiyaya görə etirazımı bildirdim. Həmin epizodda top məni keçəndən sonra yıxıldı. Bəlkə də özünü yerə atmasaydı, qol vuracaqdı".